Meteor yağışı olacaq

Baş səhifə

Bakı. Trend:

Aprelin sonunda “π-Puppid” meteor yağışı müşahidə ediləcək.

Trend xəbər
verir ki, bu barədə BDU-nun Astrofizika kafedrası məlumat
yayıb.
“Aprel ayının sonunda “π-Puppid” meteor yağışı müşahidə ediləcək.
Meteor yağışının maksimum aktivliyi isə 22–24 aprel tarixlərinə
təsadüf edəcək”.




Bakı Dövlət Universitetinin (BDU) Fizika fakültəsinin
Astrofizika kafedrasından verilən xəbərə görə, bu meteor axını
əsasən Cənub yarımkürəsində daha yaxşı müşahidə olunsa da,
əlverişli şəraitdə bəzi hallarda Şimal yarımkürəsinin aşağı
enliklərindən də görünür. “π-Puppid” meteor yağışı Yer kürəsinin
“26P/Grigg–Skjellerup” kometinın buraxdığı toz hissəcikləri ilə
qarşılaşması nəticəsində yaranır. Bu komet Günəş ətrafında təxminən
5 illik perioda malikdir və hər yaxınlaşma zamanı kosmosa çoxlu
xırda hissəciklər yayır. Yer həmin hissəciklərin sıx olduğu sahədən
keçəndə meteor yağışı müşahidə olunur. Bu meteor axınının ən
maraqlı xüsusiyyəti onun qeyri-sabit olmasıdır: bəzi illərdə demək
olar ki, heç meteor görünmədiyi halda, bəzi illərdə qəfil aktivlik
artımı (outburst) baş verə və saatda onlarla meteor müşahidə edilə
bilər.

Bu meteorlar Yer atmosferinə daxil olduqda nisbətən orta sürətlə
hərəkət edir. Onların geosentrik sürəti təxminən 18 km/saniyə
təşkil edir. Bu sürət Liridlər kimi sürətli meteor yağışları ilə
müqayisədə daha aşağıdır, buna görə də “π-Puppid” meteorları bəzən
daha yavaş və daha uzun görünən izlər yarada bilir. Meteorların
radiantı (çıxış nöqtəsi) səmanın cənub hissəsində yerləşən Puppid
bürcündədir. Buna görə də meteor yağışını Cənub yarımkürəsində daha
yaxşı müşahidə etmək mümkündür. Bakı və ümumilikdə Azərbaycan
ərazisi üçün “π-Puppid” meteor yağışının müşahidəsi çətin hesab
olunur. Bunun əsas səbəbi radiantın cənub üfüqünə çox yaxın
yerləşməsi və çox vaxt üfüqdən aşağı qalmasıdır. Lakin çox açıq
səma şəraitində və cənub istiqaməti tam açıq olan ərazilərdə bəzi
meteorların üfüqə yaxın hissədə müşahidə olunması mümkündür. Ən
uyğun müşahidə vaxtı gecə saatları, xüsusilə gecə yarısından sonra
olan intervaldır.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir