
Bakı. Trend:
İran münaqişəsi başlanandan bəri Avropanın enerji resurslarının
idxalına olan xərcləri 22 milyarda qədər artıb.
Trend xarici
mediaya istinadən xəbər verir ki, bu barədə Avropa Komissiyasının
rəhbəri Ursula fon der Lyayen Brüsseldə keçirdiyi mətbuat
konfransında bildirib.
“Hörmüz boğazının blokadası iqtisadiyyata ağır zərbə vurur.
Münaqişənin 44 günü ərzində Avropa İttifaqının enerji resurslarına
olan xərcləri 22 milyard avroya yüksəlik”, – o bildirib.
Fon der Lyayenin sözlərinə görə, xərclərin artmasına baxmayaraq
fiziki idxal həcmləri bir zərrə belə artmayıb.
Qeyd edək ki, fevralın 28-də ABŞ və İsrail İrana qarşı hərbi
əməliyyatlara başlayıb. Zərbələr ölkənin ən böyük şəhərlərinə, o
cümlədən Tehrana endirilib. Ağ Ev hücumu İslam Respublikasından
qaynaqlanan raket və nüvə təhdidləri ilə əsaslandırıb. İrana
endirilən zərbələr nəticəsində ölkənin ali rəhbəri ayətullah Əli
Xamenei və rəhbərliyin bəzi digər əsas fiqurları həlak olub. İranın
İnqilab Keşikçiləri Korpusu İsrailə qarşı genişmiqyaslı cavab
əməliyyatı həyata keçirdiyini bəyan edib. İran eyni zamanda
ballistik raketlər, qanadlı raketlər və pilotsuz uçuş aparatları
ilə ABŞ-nin Bəhreyn, İordaniya, İraq, Qətər, Küveyt, BƏƏ, Oman,
Səudiyyə Ərəbistanı və Suriyadakı obyektlərini hədəfə alır.
Münaqişə nəticəsində regionun enerji infrastrukturu və dəniz
nəqliyyatı da ciddi risk altına düşüb. Hörmüz boğazı ətrafında
təhlükəsizlik gərginliyi səbəbindən dünya bazarında neft qiymətləri
kəskin artıb.
Aprelin 7-də ABŞ və İran hərbi eskalasiyanın qarşısını almaq və
danışıqlar üçün imkan yaratmaq məqsədilə təxminən iki həftəlik,
müvəqqəti atəşkəs barədə razılığa gəliblər.
11 apreldə ABŞ və İran arasında İslamabadda keçirilən
danışıqlarda razılaşma əldə olunmayıb.

