
Bakı. Trend:
İranla əlaqəli iki tanker ABŞ-nin vəd etdiyi blokadadan az əvvəl
Hörmüz boğazı vasitəsilə Fars körfəzindən çıxıb.
Trend xəbər verir
ki, bu barədə “The National” nəşri məlumat yayıb.
Nəşr gəmi izləmə xidmətləri “Kpler” və LSEG-in məlumatlarına
istinadən yazır ki,tankerlər bazar ertəsi ABŞ tərəfindən İran
limanları və sahil ərazilərinin planlaşdırılan blokadası ərəfəsində
Hörmüz boğazı vasitəsilə Fars körfəzindən çıxıb.
“Kpler” məlumatlarına əsasən, “Aurora” tankeri İran mənşəli neft
məhsulları daşıyır. “New Future” tankeri isə BƏƏ-nin Hamriyyə
limanında dizel yanacağı ilə yüklənib.
Bundan əvvəl ABŞ-nin Mərkəzi Komandanlığı (CENTCOM) bəyan edib
ki, Hörmüz boğazının blokadası bazar ertəsi ABŞ-nin Şərq sahili
vaxtı ilə saat 10:00-da (Bakı vaxtı 18:00) başlayacaq. Komandanlıq
bildirib ki, ABŞ qüvvələri boğazdan qeyri-İran limanlarına və əks
istiqamətdə hərəkət edən tankerlər üçün gəmiçiliyin sərbəstliyinə
mane olmayacaq.

