
Bakı. Trend:
İran ilə ABŞ arasındakı atəşkəs istənilən an pozula bilər.
Trend İsrail
mediasına istinadən xəbər verir ki, bunu Baş nazir Binyamin
Netanyahu bu gün keçirilən Nazirlər Kabinetinin iclası ərəfəsində
bildirib.
Netanyahu qeyd edib ki, Amerikalı vitse-prezident Cey Di Vens
Pakistanda aparılan danışıqlarla bağlı onu məlumatlandırıb. Baş
nazir qeyd edib ki, amerikalılar İranın danışıqlara başlamaq üçün
razılaşmanı açıq şəkildə pozmasını qəbul edə bilməzdilər.
“Razılaşma belə idi ki, onlar atəşi dayandıracaq, iranlılar isə
dərhal Hörmüz boğazını açacaqdılar, lakin (Tehran) bunu etmədi.
Amerikalılar bunu qəbul edə bilməzdi”,- Netanyahu bildirib.
Netanyahu Donald Trampın İranın dəniz limanlarının blokadası
ideyasını dəstəklədiyini diqqətə çatdırıb.
Qeyd edək ki, fevralın 28-də ABŞ və İsrail İrana qarşı hərbi
əməliyyatlara başlayıb. Zərbələr ölkənin ən böyük şəhərlərinə, o
cümlədən Tehrana endirilib. Ağ Ev hücumu İslam Respublikasından
qaynaqlanan raket və nüvə təhdidləri ilə əsaslandırıb. İrana
endirilən zərbələr nəticəsində ölkənin ali rəhbəri ayətullah Əli
Xamenei və rəhbərliyin bəzi digər əsas fiqurları həlak olub. İranın
İnqilab Keşikçiləri Korpusu İsrailə qarşı genişmiqyaslı cavab
əməliyyatı həyata keçirdiyini bəyan edib. İran eyni zamanda
ballistik raketlər, qanadlı raketlər və pilotsuz uçuş aparatları
ilə ABŞ-nin Bəhreyn, İordaniya, İraq, Qətər, Küveyt, BƏƏ, Oman,
Səudiyyə Ərəbistanı və Suriyadakı obyektlərini hədəfə alır.
Münaqişə nəticəsində regionun enerji infrastrukturu və dəniz
nəqliyyatı da ciddi risk altına düşüb. Hörmüz boğazı ətrafında
təhlükəsizlik gərginliyi səbəbindən dünya bazarında neft qiymətləri
kəskin artıb.
Aprelin 7-də ABŞ və İran hərbi eskalasiyanın qarşısını almaq və
danışıqlar üçün imkan yaratmaq məqsədilə təxminən iki həftəlik,
müvəqqəti atəşkəs barədə razılığa gəliblər.
11 apreldə ABŞ və İran arasında İslamabadda keçirilən
danışıqlarda razılaşma əldə olunmayıb.

