
Bakı. Trend:
ABŞ hesab edir ki, İrana qarşı hərbi əməliyyatın qarşıya qoyulan
vəzifələri yerinə yetirilib və artıq münaqişənin başa çatdırılması
mərhələsinə keçmək olar.
Trend xəbər verir ki, bu
barədə ABŞ-nin vitse-prezidenti Cey Di Vens bildirib.
“Mən həqiqətən hesab edirəm ki, biz məqsədlərimizə çatdığımız
bir vəziyyətdəyik”, – deyə o qeyd edib.
Vensin sözlərinə görə, münaqişənin uğurlu danışıqlar yolu ilə
başa çatdırılması daha üstün variant olardı.
Bundan əlavə, Vaşinqton Tehranın gələcəkdə bütün
zənginləşdirilmiş uran ehtiyatlarını ABŞ-yə təhvil verməsində israr
edir.
“Biz bildirmişik ki, bu materialın ölkədən çıxarılmasını
istəyirik və onun nəzarətimizə verilməsini istərdik”, – deyə
vitse-prezident bildirib.
O əlavə edib ki, Tehranın nüvə silahı yaratmaq niyyətinin
olmadığını bəyan etməsinə baxmayaraq, İranın nüvə proqramı ABŞ-də
narahatlıq doğurur.
“Məhz buna görə biz bu materialın tamamilə ölkədən çıxarılmasını
və ABŞ-nin nəzarəti altında olmasını istəyirik”, – deyə Vens
vurğulayıb.
Qeyd edək ki, ABŞ ilə İran arasında nüvə proqramı üzrə konkret
nəticələrin əldə olunmaması səbəbindən fevralın 28-də ABŞ və İsrail
İrana hava hücumlarına başlayıb, İran isə həmin gündən etibarən
raketlər və pilotsuz uçuş aparatları ilə İsrailə və bölgədəki ABŞ
obyektlərinə zərbələr endirib. Pakistanın vasitəçiliyi ilə aprelin
7-də tərəflər arasında iki həftəlik atəşkəs razılaşması əldə
olunub. Aprelin 11-də İslamabadda ABŞ və İran arasında keçirilən
danışıqlarda isə razılıq əldə edilməyib.

