
Bakı. Trend:
“Bu günə qədər beyin ölümü keçirmiş 13 meyid donordan 73 orqan
və toxuma transplantasiya edilib”.
Trend xəbər verir
ki, bu fikirləri “Sağlam radio”nun (93 FM) “Sağlam səhər” efirində
Səhiyyə Nazirliyi Orqan Donorluğu və Transplantasiyası üzrə
Koordinasiya Mərkəzinin İdarə Heyətinin sədri Yeganə Abbasova
açıqlayıb.
Onun sözlərinə görə, onlardan 23-ü böyrək, 13-ü qaraciyər, 2-i
ürək, 30-u isə gözün buynuz qişasıdır: “Ümumilikdə isə beyin ölümü
protokolu tərtib olunduqdan bu günə qədər 72 nəfərə beyin ölümü
diaqnozu qoyulub. Bunlardan 14 nəfər rəhmətə gedib, ikinci dəfə
beyin ölümü təstiqi üçün zaman çatmayıb. 27 nəfərin orqanları
köçürülməyə uyğunsuz olub, 18 nəfərin yaxınları isə imtina
edib”.
Y.Abbasova bildirib ki, transplantasiyaya olunmuş orqan və
toxumalar əməliyyatı icra edən həkim komandası tədəfindən daim
nəzarətdə saxlanılır, mütəmadi olaraq qan təhlillərinə baxılır,
qəbul olunan immunsupressiv dərmanların dozaları qan təhlillərinə
uyğun tənzimlənir: “Lazımi hallarda digər müayinə metodlarından
istifadə olunur. Transplantasiya edilmiş orqanların keyfiyyətinə
nəzarət klinik qiymətləndirmə, laborator və instrumental
müayinələri əhatə edir. Həkimlər xəstənin ümumi vəziyyətini və
transplantasiya olunmuş orqanın funksiyasını mütəmadi olaraq
qiymətləndirirlər. Qan və digər laborator analizlər vasitəsilə
orqanın funksional göstəriciləri və mümkün immun reaksiyalar
izlənilir. Eyni zamanda ultrasəs müayinəsi, kompüter tomoqrafiyası
və maqnit-rezonans tomoqrafiyası kimi instrumental üsullar orqanın
strukturu və qan dövranını qiymətləndirməyə imkan verir. Zərurət
yarandıqda transplantasiya olunmuş orqandan biopsiya götürülərək
histoloji müayinə aparılır və rədd olunma əlamətləri araşdırılır.
Ümumilikdə əməliyyat olunan resipientler haqqında günlük, həftəlik,
aylıq və illik təqiblər Səhiyyə Nazirliyi Orqan Donorluğu və
Transplantasiyası üzrə Koordinasiya Mərkəzinə mütəmadi olaraq
göndərilir”.

