
Bakı.Trend:
Xəzər dənizində 8 apreldə 5.3 maqnitudalı, 12 apreldə isə 4.6
maqnitudalı zəlzələ baş verib. Həmin seysmik hadisələrdən sonra
ərazidə zəif afterşoklar davam etməkdədir və onların sayı 500-ü
ötüb.
Bunu Trend-ə
açıqlamasında Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) nəzdində
Respublika Seysmoloji Xidmət Mərkəzinin şöbə müdiri Vüsalə
Rafiqqızı deyib.
O bildirib ki, Azərbaycan Alp-Himalay qırışıqlıq qurşağı
üzərində yerləşdiyindən ölkə ərazisi seysmik baxımdan aktiv zonaya
daxildir. Bu aktivlik xüsusilə Xəzər dənizi akvatoriyasında daha
çox müşahidə olunur və burada vaxtaşırı zəlzələlər qeydə
alınır:
“Respublika Seysmoloji Xidmət Mərkəzi tərəfindən maqnitudası
3-dən yuxarı olan zəlzələlər barədə ictimaiyyətə mütəmadi məlumat
verilir. Bu gün də Xəzər akvatoriyasında kiçik həcmli yeraltı
təkanlar qeydə alınıb. Seysmik aktiv zonalar üçün belə təkanların
müşahidə olunması təbii haldır”.
Vüsalə Rafiqqızı vurğulayıb ki, zəlzələlərin dəqiq
proqnozlaşdırılması mümkün deyil və bu istiqamətdə heç bir elmi
əsaslı qabaqcadan xəbər vermə mövcud deyil: “Bununla belə, qeydə
alınan zəif təkanlar bölgədə yaxın zamanda güclü və dağıdıcı
zəlzələ ehtimalının aşağı olduğunu göstərir”.
Qeyd edək, ki Xəzərdə gün ərzində dördüncü zəlzələ qeydə
alınıb.

