Çin Hörmüz boğazının açılmasını tələb edir

Baş səhifə

Bakı. Trend:

Çin hakimiyyəti Hörmüz boğazında normal gəmiçiliyin bərpa
olunmasını tələb edir və onun Amerika Birləşmiş Ştatları tərəfindən
blokadaya alınmasını məsuliyyətsiz addım hesab edir.

Trend xarici
mediaya istinadən xəbər verir ki, bunu Çin Xalq Respublikasının
Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Qo Tsakün bildirib.

“Artıq maraqlı tərəflərin müvəqqəti atəşkəs barədə razılığa
gəldiyi bir şəraitdə ABŞ tərəfindən hərbi mövcudluğun artırılması
və məqsədli blokada əməliyyatlarının aparılması yalnız
ziddiyyətlərin dərinləşməsinə və gərginliyin artmasına gətirib
çıxaracaq,” – deyə o brifinqdə vurğulayıb.

“Çin hər bir tərəfin atəşkəs razılaşmalarına ciddi əməl
etməsində israrlıdır, diqqətin dialoq və sülh danışıqlarına
yönəldilməsini istəyir ki, boğazda normal gəmiçilik ən qısa zamanda
bərpa olunsun”, – nümayəndə bildirib.




Çin diplomatı əlavə edib ki, Hörmüz boğazının ABŞ tərəfindən
blokadaya alınması “təhlükəli və məsuliyyətsiz addımdır”.

Qeyd edək ki, fevralın 28-də ABŞ və İsrail İrana qarşı hərbi
əməliyyatlara başlayıb. Zərbələr ölkənin ən böyük şəhərlərinə, o
cümlədən Tehrana endirilib. Ağ Ev hücumu İslam Respublikasından
qaynaqlanan raket və nüvə təhdidləri ilə əsaslandırıb. İrana
endirilən zərbələr nəticəsində ölkənin ali rəhbəri ayətullah Əli
Xamenei və rəhbərliyin bəzi digər əsas fiqurları həlak olub. İranın
İnqilab Keşikçiləri Korpusu İsrailə qarşı genişmiqyaslı cavab
əməliyyatı həyata keçirdiyini bəyan edib. İran eyni zamanda
ballistik raketlər, qanadlı raketlər və pilotsuz uçuş aparatları
ilə ABŞ-nin Bəhreyn, İordaniya, İraq, Qətər, Küveyt, BƏƏ, Oman,
Səudiyyə Ərəbistanı və Suriyadakı obyektlərini hədəfə alır.

Münaqişə nəticəsində regionun enerji infrastrukturu və dəniz
nəqliyyatı da ciddi risk altına düşüb. Hörmüz boğazı ətrafında
təhlükəsizlik gərginliyi səbəbindən dünya bazarında neft qiymətləri
kəskin artıb.

Aprelin 7-də ABŞ və İran hərbi eskalasiyanın qarşısını almaq və
danışıqlar üçün imkan yaratmaq məqsədilə təxminən iki həftəlik,
müvəqqəti atəşkəs barədə razılığa gəliblər.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir