
Bakı. Trend:
“Vergi məqsədləri üçün şəffaflıq və məlumat mübadiləsi üzrə
Qlobal Forum” tərəfindən “Məxfilik və mübadilə olunan məlumatların
konfidensiallığının qorunması” səviyyəsinin qiymətləndirilməsi üzrə
yekun hesabat təsdiq olunub. Yekun hesabatda Azərbaycan
Respublikasının yüksək nəticə əldə etdiyi öz əksini tapıb.
Trend bu
barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətiə
istinadən xəbər verir.
“Bu nəticə ölkəmizin beynəlxalq səviyyədə ən müasir
kibertəhlükəsizlik standartlarına cavab verən rəqəmsal
infrastruktura malik olduğunu bir daha sübut edir”, – məlumatda
vurğulanıb.
Qeyd edək ki, Qlobal Forum üzv ölkələrdə məxfilik və
konfidensiallığın qorunması səviyyəsini mütəmadi olaraq
qiymətləndirir. Azərbaycanda müvafiq sahədə vəziyyətin yoxlanılması
məqsədilə ötən ilin fevralında təşkilatın qiymətləndiricilərinin
ölkəmizə səfəri baş tutub. Qiymətləndirmə prosesi zamanı
informasiya təhlükəsizliyi və konfidensiallığın təmin olunması
istiqamətində görülmüş tədbirlər, daxili prosedurların beynəlxalq
standartlara uyğunluğu, həmçinin “Təhlükəsizlik Əməliyyatları
Mərkəzi”nin (SOC) fəaliyyəti ekspertlər tərəfindən ətraflı şəkildə
nəzərdən keçirilib. Məlumatların kiber müdaxilələrdən 24/7
rejimində qorunması və rəqəmsal ekosistemin dayanıqlığı baxımından
SOC-un fəaliyyəti xüsusilə yüksək qiymətləndirilib.
Azərbaycan Respublikası 26 fevral 2013-cü il tarixində Qlobal
Foruma üzv olmaqla bu sahədə beynəlxalq qiymətləndirmə prosesində
iştirak öhdəliyini öz üzərinə götürüb.
“Aparılmış qiymətləndirmənin nəticələri ölkəmizdə vergi
məqsədləri üçün beynəlxalq məlumat mübadiləsi sahəsində etibarlı,
təhlükəsiz və yüksək kiber toxunulmazlığa malik sistemin
formalaşdırıldığını bir daha təsdiq edir. Bu, həmçinin beynəlxalq
öhdəliklərin icrası, tərəfdaş yurisdiksiyalarla qarşılıqlı etimadın
möhkəmləndirilməsi və rəqəmsal məlumatların toxunulmazlığını təmin
edən beynəlxalq kibertəhlükəsizlik standartlarına uyğun fəaliyyətin
təmin olunması baxımından mühüm əhəmiyyətə malikdir.
Azərbaycan bundan sonra da vergi məqsədləri üçün şəffaflıq,
qabaqcıl rəqəmsal mühafizə texnologiyalarının tətbiqi və
konfidensiallığın qorunması istiqamətində beynəlxalq standartların
tətbiqini ardıcıl şəkildə davam etdirəcək”, – məlumatda qeyd
edilib.

