
Bakı. Trend:
Aprelin 14-də Bakıda Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad
Tədbirləri üzrə Müşavirənin (AQEM) “AQEM məkanında davamlı inkişaf
naminə qadınların səslərinin gücləndirilməsi” mövzusunda beynəlxalq
konfransın açılış mərasimi keçirilib.
Trend xəbər
verir ki, tədbirdə çıxış edən Ailə, Qadın və Uşaq Problemləri üzrə
Dövlət Komitəsinin sədri Bahar Muradova Azərbaycanın regional
təhlükəsizlik təşəbbüslərinə verdiyi töhfələrin onun artan rolunu
aydın şəkildə nümayiş etdirdiyini deyib. O bildirib ki, ölkəmizin
AQEM-ə sədrliyi çərçivəsində qarşılıqlı etimadın gücləndirilməsi
xüsusilə əhəmiyyətlidir. Çünki gender bərabərliyi, sosial inkişaf
və qadınların səlahiyyətləndirilməsi artıq seçim deyil, zərurət
kimi ön plana çıxır.
Komitə sədri qeyd edib ki, qadınların rəqəmsal iqtisadiyyata,
xüsusilə süni intellekt sahəsinə cəlb olunmaları dayanıqlı inkişaf
baxımından mühüm addımlardan biridir. Onların rəqəmsal mühitdə
birbaşa iştirakı sosial dayanıqlılığın güclənməsinə töhfə
verir.
“Azərbaycanda bu istiqamətdə həyata keçirilən fəaliyyətlər
nümunəvi xarakter daşıyır. Qadınların dayanıqlı kənd təsərrüfatında
və digər sahələrdə fəallığının artırılması, eyni zamanda, onların
liderlik potensialının gücləndirilməsi və tətbiq olunan
siyasətlərin səmərəliliyinin yüksəldilməsi xüsusi əhəmiyyət
daşıyır. Həmçinin onların regional və beynəlxalq platformalarda
fəal iştirakı dialoq üçün daha geniş imkanlar yaradır. Qadınların
səlahiyyətləndirilməsini real təcrübəyə və konkret nəticələrə
çevirmək əsas hədəflərdən biri olmalıdır. Artıq güclü təşəbbüsləri
və həyata keçirilən fəaliyyətləri praktik müstəviyə keçirməyin
vaxtıdır”, – deyə komitə sədri vurğulayıb.
Açılış mərasimində çıxış edən Heydər Əliyev Fondunun
vitse-prezidenti Leyla Əliyeva bildirib ki, bu gün qadınların fəal
iştirakı cəmiyyətin inkişafında mühüm rol oynayırlar. Onlar uğurlu
sahibkarlar, elm adamları, rəssamlar və liderlərdir.
Azərbaycanda qadınların rolunun daim yüksək
qiymətləndirildiyini, onlara hörmətin mədəniyyətimizin və
ənənələrimizin həmişə bir hissəsi olduğunu söyləyən L.Əliyeva
deyib:
“Bu gün bütün Azərbaycan üzrə qadınlar biznes qurur, ictimai
təşəbbüslərə rəhbərlik edir və real təsir yaradırlar. Təkcə keçən
il qadınlar Azərbaycanda məşğul əhalinin təxminən 50 faizini təşkil
edirdi ki, bu da onların iqtisadiyyatımızda fəal və vacib rol
oyandıqlarını göstərir”.
O qeyd edib ki, bu gün Azərbaycanın AQEM-ya sədrliyinin davamlı
inkişaf və qərar qəbuletmədə qadınların səslərini fəal şəkildə
dəstəklədiyini görmək çox xoşdur. “AQEM Qadınlar Şurasının
yaradılması vacib bir təşəbbüsdür”, – deyən Leyla Əliyeva
konstruktiv ideyaları əməllərə çevirməkdə bu platformaya uğurlar
arzulayıb.
AQEM-in Baş katibi Kayrat Sarıbay isə beynəlxalq və regional
təşkilatların qadınların səlahiyyətlərinin artırılması
istiqamətindəki qlobal səylərdə mühüm tərəfdaşlar olduqlarını
deyib. Baş katib diqqətə çatdırıb ki, onlar bu prosesdən kənarda
qala bilməzlər. AQEM də daxil olmaqla, çoxtərəfli platformalar
normaların formalaşmasına kömək edir, dialoqu asanlaşdırır və üzv
dövlətlər arasında ən yaxşı təcrübələrin mübadiləsinə şərait
yaradır.
Kayrat Sarıbay qeyd edib ki, etimadın güclləndirilməsi, iqtisadi
artım və əməkdaşlığa yönələn AQEM Asiyada 28 üzv dövləti
birləşdirir. Bu üzvlük dünya əhalisinin demək olar yarısını təşkil
edən iqtisadi inkişaf, demoqrafik meyillər, mədəni dinamika və
sosial strukturlar baxımından böyük bir müxtəlifliyi təmsil edir.
Son onilliklər ərzində Asiyada nəzərəçarpacaq irəliləyişlər olsa
da, siyasətdə, iqtisadi liderlikdə, sülh quruculuğunda və ya iqlim
dəyişikliyi müzakirələrində, eləcə də bir çox qərar qəbuletmə
sahələrində qadınların səsi hələ də daha az eşidilir. Bu da bugünkü
konfransımızın mövzusunu daha da aktual edir.
Konfransda, eyni zamanda, “UN Women” təşkilatının İcraçı
direktoru Sima Sami Bahousun videomüraciəti təqdim edilib. Sima
Sami Bahous diqqətə çatdırıb ki, AQEM Qadınlar Şurasının
yaradılması yüksək qiymətləndirilməlidir. Bu mühüm təşəbbüs
qadınların dayanıqlı inkişafın mərkəzində yer almaları
istiqamətində atılan əhəmiyyətli addımdır. O, bu platformanın
qadınların səsinin daha aydın eşidilməsinə, onların qərarvermə
proseslərində iştirakının genişlənməsinə və regional əməkdaşlığın
güclənməsinə töhfə verəcəyinə inandığını vurğulayıb.
Qeyd edək ki, konfrans çərçivəsində “Kiçik və orta biznesdə
qadın sahibkarlığı: Süni intellekt və rəqəmsallaşmanın imkanları”
və “Ətraf mühitin qorunması və dayanıqlılığın gücləndirilməsində
qadın liderliyi” mövzuları müzakirə olunacaq.
Konfransın davamı olaraq AQEM Qadınlar Şurasının ilk iclasının
keçirilməsi, iclasın üzv dövlətlər arasında koordinasiya, dialoq və
təcrübə mübadiləsinə yönəlmiş mandatının rəsmi olaraq tətbiq
edilməsi gözlənilir.

