
Bakı. Trend:
Bu il müsabiqəyə 100-ə yaxın komanda müraciət
edib.
Azercell-in dəstəyi və ABŞ Təhsilli Azərbaycan Məzunları İctimai
Birliyinin (AAA) təşkilatçılığı ilə ölkənin nüfuzlu biznes
müsabiqələrindən biri olan “Azərbaycan Biznes Keys Müsabiqəsi 2026”
(ABCC) uğurla başa çatıb.
Müsabiqə gənclərin praktiki bacarıqlarının artırılması və
onların iş mühitinə hazırlanması baxımından mühüm platforma rolunu
oynayıb. Harvard Business Review-nun real biznes problemlərinə
əsaslanan tapşırıqlar üzərində qurulan layihə tələbələrdə biznes
analitikası, strateji düşüncə və maliyyə təhlili sahəsində bilik və
bacarıqların inkişaf etdirilməsinə yönəlib.
Bu il müsabiqəyə ümumilikdə 100-ə yaxın komanda müraciət edib.
Seçim mərhələlərini uğurla keçən 26 komanda Biznes Akademiyası və
ABCC tərəfindən təşkil olunan təlim proqramlarında iştirak edib.
Onlardan 12-si yarımfinal mərhələsinə yüksəlib, yalnız 4 komanda
isə finalda çıxış etmək imkanı qazanıb.
Final mərhələsində komandalar müxtəlif şirkət və qurumları
təmsil edən münsiflər heyəti qarşısında öz həllərini təqdim
ediblər. Münsiflərin qiymətləndirməsinə əsasən, ADA Universitetinin
komandası birinci yerə layiq görülüb. Azərbaycan Dövlət İqtisad
Universitetini təmsil edən iki komanda isə müvafiq olaraq ikinci və
üçüncü yerləri tutublar. Qalib komandalar 8000 AZN, 4000 AZN və
2000 AZN məbləğində pul mükafatları ilə təltif olunublar.

