
Bakı. Trend:
Milli Məclisin sədri Sahibə Qafarova Türkiyənin İstanbul
şəhərinə işgüzar səfəri çərçivəsində Mərakeş Krallığı Parlamentinin
Müşavirlər Palatasının sədri Mohamed Ould Erraşid ilə görüşüb.
Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən
Trend-ə verilən
məlumata görə, görüşdə Azərbaycan və Mərakeş arasında mövcud
əlaqələrin səviyyəsi yüksək qiymətləndirilib, siyasi dialoqun
inkişafından, beynəlxalq təşkilatlar çərçivəsində qarşılıqlı dəstək
və həmrəylikdən məmnunluq ifadə olunub.
Bildirilib ki, görüşdə parlamentlərarası əlaqələrin ikitərəfli
münasibətlərin inkişafında mühüm alət olduğu qeyd olunub. Bu
baxımdan parlament komitələri və dostluq qrupları arasında
təmasların genişləndirilməsinin vacibliyi diqqətə çatdırılıb.
Tərəflər həmçinin parlamentlərarası əməkdaşlıq baxımından
Parlamentlərarası İttifaq və Qoşulmama Hərəkatı Parlament Şəbəkəsi
kimi platformaların rolunu vurğulayaraq, bu çərçivədə qarşılıqlı
fəaliyyətin və koordinasiyanın gücləndirilməsinin əhəmiyyətini qeyd
ediblər.
Milli Məclisin sədri Sahibə Qafarova Mohamed Ould Erraşidin
Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin 5-ci Konfransında
iştirakını və çıxışını yüksək qiymətləndirib.
Görüşdən sonra Azərbaycan Respublikası Milli Məclisi ilə Mərakeş
Krallığı Parlamentinin Müşavirlər Palatası arasında Anlaşma
Memorandumu imzalanıb.
Spiker Sahibə Qafarova deyib ki, Anlaşma Memorandumu
parlamentlərarası institusional əməkdaşlığın genişləndirilməsinə, o
cümlədən komitələr və dostluq qrupları arasında əlaqələrin
gücləndirilməsinə, beynəlxalq platformalarda fəaliyyətin daha
səmərəli əlaqələndirilməsinə imkan verəcək.

