Real qazanc yoxsa illüziya: neft bahalaşmasının Azərbaycana təsiri – TƏHLİL

Baş səhifə

Bakı. Trend:

Yaxın Şərqdə geosiyasi gərginliyin artması son dövrlərdə qlobal
enerji bazarının əsas müzakirə mövzularından birinə çevrilib.
Xüsusilə ABŞ–İran qarşıdurmasının kəskinləşməsi və Hörmüz boğazı
ətrafında yaranan risklər neft bazarında ciddi qiymət artımlarına
səbəb olub. Bu proses nəticəsində “Brent” markalı neft bəzi
dövrlərdə 100 dollar həddini keçib, hətta analitik ssenarilərdə
150–200 dollar aralığına qədər yüksəlmə ehtimalı da müzakirə
olunur.

Nəticə etibarilə Azərbaycan üçün əsas ixrac məhsulu olan “Azeri
Light” neftinin qiymətində də artım müşahidə edilib. Hazırda
Azərbaycan neftinin qiyməti 118 dolları keçib. Azərbaycanın 2026-ci
il dövlət büdcəsində isə bir barel neftin orta qiyməti 65 ABŞ
dolları səviyyəsində götürülüb.

Beləliklə, bazar qiymətləri ilə büdcədə nəzərdə tutulan baza
qiymət arasında fərq formalaşır. Amma məhz bu nöqtədə əsas məsələ
ortaya çıxır: bu fərq büdcəyə eyni miqyasda təsir etmir.

Mövzu ilə bağlı iqtisadçılar hesab edirlər ki,
qısamüddətli qiymət sıçrayışları ilə dövlət büdcəsinin real
gəlirləri arasında birbaşa və dərhal əlaqə formalaşmır. Çünki büdcə
gəlirləri yalnız neftin satış qiymətindən deyil, eyni zamanda
hasilat həcmləri, mövcud müqavilə şərtləri, əməliyyat xərcləri və
vergi mexanizmləri ilə formalaşır. Məhz buna görə də qiymət artsa
belə, bu artım fiskal sistemdə eyni nisbətdə əks
olunmur.

İqtisadçı Eldəniz Əmirovun fikirləri də bu yanaşmanı
təsdiqləyir. O qeyd edir ki, neftin bahalaşması uzunmüddətli
perspektivdə inflyasiya və xərclərin artması ilə bu effekt
zəifləyir. Yəni ilkin baxışda böyük görünən qiymət artımı, əslində,
iqtisadi sistem daxilində müxtəlif amillər tərəfindən
balanslaşdırılır: “Neftin bahalaşması qısamüddətli və uzunmüddətli
dövrlərdə fərqli iqtisadi təsirlər yaradır. Uzunmüddətli
perspektivdə idxaldan asılı iqtisadiyyatlarda inflyasiyanı
sürətləndirir və bu da əhalinin alıcılıq qabiliyyətinə mənfi təsir
göstərir.”.

Eldəniz Əmirov vurğulayıb ki, qiymət artımları inflyasiya
prosesinə də təsir göstərir. Onun sözlərinə görə, bu təsir yalnız
Azərbaycanla məhdudlaşmır: “Dünyada neft qiymətinin hər 10% artımı
inflyasiya göstəricilərinə 0,5 faiz bəndi mənfi təsir
göstərir”.

Qısamüddətli artım, uzunmüddətli qeyri-müəyyən
təsir

Bu yanaşma konkret rəqəmlərdə də özünü göstərir. İlkin
hesablamalara görə, 2026-cı ilin ilk rübündə neft gəlirləri
təxminən 20 faiz artıb və bu, ümumilikdə 360 milyon manat əlavə
vəsait deməkdir. Lakin qiymətlərin daha kəskin artımı fonunda bu
göstərici fiskal təsirin məhdud qaldığını göstərir.

Digər tərəfdən, Azərbaycanın fiskal siyasəti də məhz bu cür
volatilliyi nəzərə alaraq qurulub. Büdcədə götürülən baza qiymət
ehtiyatlı yanaşmanı əks etdirir və qısamüddətli bahalaşmalar
üzərində uzunmüddətli planlama aparılmır.

Bunun davamı olaraq, əlavə gəlirlərin əhəmiyyətli hissəsi
birbaşa büdcəyə yönəldilmir. Bu vəsaitlər əsasən Neft Fondunda
toplanaraq ehtiyat kimi saxlanılır. Beləliklə, qiymət artımının
büdcəyə təsiri daha da məhdudlaşır.

İqtisadçı İlham Şaban da vurğulayır ki, qiymət artımı fonunda
büdcəyə daxilolmalar artsa da, bu artım qiymətlərlə eyni
proporsiyada olmur. Çünki hasilatın azalması, şirkət xərcləri və
digər amillər yekun nəticəni müəyyən edir.




Onun sözlərinə görə, əsas benefisiarlar nəqliyyat və logistika
şirkətləri, həmçinin sığorta və kredit təşkilatlarıdır.

Beynəlxalq qiymətləndirmələr də oxşar mənzərəni göstərir: enerji
qiymətlərinin artımı ixracatçı ölkələr üçün qısamüddətli imkan
yaratsa da, bu proses yüksək volatillik və inflyasiya riskləri ilə
müşayiət olunur.

Nəticə etibarilə, mövcud bahalaşma müəyyən əlavə imkanlar
yaratsa da, onun uzunmüddətli fiskal effektə çevrilməsi üçün
davamlılıq əsas şərt olaraq qalır.

Beləliklə, hazırkı vəziyyəti genişmiqyaslı gəlir artımından daha
çox, məhdud və müvəqqəti təsir kimi qiymətləndirmək daha realist
yanaşma hesab olunur.

Qlobal bahalaşma fonunda daxili sabitlik

Qlobal bazarlarda neftin bahalaşması adətən daxili yanacaq
qiymətlərinə də təsir edir. Bir çox ölkələrdə bu artım birbaşa hiss
olunur və istehsal xərclərindən başlayaraq ümumi inflyasiyaya qədər
geniş təsir yaradır.

Lakin Azərbaycanda fərqli model tətbiq olunur. Dövlət tənzimləmə
mexanizmləri vasitəsilə əsas enerji məhsullarının qiymətlərini
sabit saxlayır.

Bu yanaşma bir tərəfdən sosial rifahı qoruyur, digər tərəfdən
isə qlobal bahalaşmanın daxili iqtisadiyyata təsirini
məhdudlaşdırır.

Eyni prinsip qaz bazarında da müşahidə olunur. Qlobal qiymətlər
artsa da, daxili tariflərin sabit saxlanılması enerji xərclərinin
kəskin artmasının qarşısını alır.

Beləliklə, Azərbaycanın yanaşması daha çox qısamüddətli qazancı
maksimumlaşdırmaqdan yox, dəyişkən enerji bazarlarında sabitliyi
qorumağa yönəlib. Bu çərçivədə əsas prioritet risklərin idarə
olunması, büdcə dayanıqlığının saxlanılması və sosial balansın
pozulmamasıdır.

Yanacaq və qaz qiymətlərinin daxili bazarda sabit saxlanılması
da məhz bu strategiyanın praktik alətidir. Bu mexanizm bir tərəfdən
əhalinin xərclərinin kəskin artmasının qarşısını alır, digər
tərəfdən biznes mühitində əlavə təzyiqləri məhdudlaşdıraraq ümumi
inflyasiya risklərini nəzarətdə saxlayır.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir