
Bakı.Trend:
Genişzolaqlı və mobil şəbəkə keyfiyyətinin qiymətləndirilməsi
üzrə qlobal şirkət olan “Ookla” mart ayı üzrə “Speedtest Global
Index” hesabatını təqdim edib.
Bu barədə Trend-ə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyindən
(RİNN) məlumat verilib.
Bildirilib ki, yeni hesabata görə, Azərbaycanda sabit
genişzolaqlı internetin median sürəti 91,37 Mb/s, mobil internetin
median sürəti isə 95,43 Mb/s olub.
Fevral ayı ilə müqayisədə sabit genişzolaqlı internetin həcmi
0,10 Mb/s və ya 0,11%, mobil internetin sürəti isə 0,48 Mb/s və ya
0,51% yüksəlib.
İllik müqayisədə sabit genişzolaqlı internetin sürəti 17,75 Mb/s
(24,11%), mobil internetin sürəti isə 20,81 Mb/s (27,89%)
artıb.
Bu artım ölkədə rəqəmsal transformasiyanın, elektron xidmətlərə
tələbatın, distant iş və təhsil imkanlarının genişlənməsinin
göstəricisidir və Azərbaycanın qlobal internet reytinqlərində
mövqeyinin yüksəldiyini təsdiqləyir.

