196 ölkədə axtarışda olan “Qızıl adam” – İnqilab Babayev saxlanıldı

Baş səhifə

Bakı. Trend:

Qızıl qaçaqmalçılığı cinayəti ilə bağlı Interpol tərəfindən 196
ölkədə “qırmızı bülleten”lə axtarışda olan 38 yaşlı İnqilab Babayev
polis əməkdaşlarının uzunmüddətli təqibindən sonra İstanbulda
saxlanılıb.

Trend bu barədə
Türkiyə mediasına istinadən xəbər verir.

İstanbul Polis İdarəsinin Qaçaqmalçılıq Cinayətləri ilə Mübarizə
Şöbə Müdirliyi əməkdaşları tərəfindən qaçaqmalçılıq cinayətlərinə
qarşı aparılan əməliyyat tədbirləri çərçivəsində mütəşəkkil şəkildə
qiymətli zinət əşyalarının qaçaqmalçılığını həyata keçirmək
ittihamı ilə beynəlxalq səviyyədə Interpol tərəfindən “qırmızı
bülleten”lə axtarışa verilmiş və barəsində həbs qərarı çıxarılmış
İnqilab Babayev uzun müddət qaçaq idi.




2024-cü ildə İstanbul Havalimanında baş verən hadisə zamanı
polis əməkdaşları şübhələndikləri iki təhlükəsizlik işçisinin
üzərində axtarış aparıblar. Axtarış nəticəsində şübhəlilərin
bellərində gizlədilmiş halda ümumi çəkisi 16 kiloqram olan 32 ədəd
külçə qızıl aşkar edilərək götürülüb. Dubaydan gətirildiyi müəyyən
edilən qızılların izinə düşən polis əməkdaşlarının keçirdiyi
əməliyyat nəticəsində 7 nəfər saxlanılmışdı. “Qırmızı bülleten”lə
axtarılan dəstə başçısı İnqilab Babayev isə qaçmağa nail olmuşdu.
Aparılan araşdırmalar zamanı şübhəlinin İstanbul Havalimanında
törədilmiş qaçaqmalçılıq hadisəsinin təşkilatçısı olduğu müəyyən
edilmişdi.

Babayev bir müddət əvvəl ailəsini İstanbula çağırıb. Ailənin
İstanbula qayıtmasından sonra polis əməkdaşları tərəfindən təqib
başlanıb. İstanbulun Eyüpsultan rayonunda yerləşən bir yaşayış
binasında gizləndiyi müəyyən edilən Babayev xüsusi təyinatlı polis
qüvvələrinin keçirdiyi əməliyyat nəticəsində saxlanılıb.

Saxlanılan şübhəli, polis idarəsində aparılan prosedur
hərəkətlərindən sonra məhkəmə orqanlarına təqdim edilib və
barəsində həbs qətimkan tədbiri seçilərək istintaq təcridxanasına
göndərilib.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir