Azərbaycan balanslı xarici siyasəti ilə həm Qərb, həm də Şərqlə münasibətləri qoruyur – Rufiz Hafizoğlu

Baş səhifə

Bakı. Trend:

Prezident İlham Əliyevin Antalya Diplomatiya Forumunda iştirakı,
sadəcə, növbəti işgüzar səfər kimi yox, daha geniş mənada
Azərbaycanın beynəlxalq sistemdə artan rolunun göstəricisi kimi
dəyərləndirilməlidir.

Bu sözləri AZƏRTAC-a açıqlamasında Trend İnformasiya
Agentliyinin baş direktorunun müavini Rufiz Hafizoğlu söyləyib.

O bildirib ki, bu forum artıq son illərdə qlobal siyasi dialoqun
mühüm platformalarından birinə çevrilib və burada səslənən
fikirlər, aparılan müzakirələr gələcək siyasi istiqamətlərin
formalaşmasına birbaşa təsir edir.

Sirr deyil ki, dünya hazırda əvvəlki kimi deyil. Müharibələr,
iqtisadi qarşıdurmalar, texnologiyanın sürətli inkişafı və böyük
güclər arasında rəqabət dövlətləri daha ehtiyatlı, amma, eyni
zamanda, daha çevik siyasət yürütməyə məcbur edir. Antalya
Forumunun bu il “Gələcəyi formalaşdırarkən qeyri-müəyyənliklərlə
mübarizə” mövzusuna həsr olunması da təsadüfi deyil. Çünki indi
əsas məsələ təkcə güclü olmaq yox, həm də dəyişən şəraitə uyğunlaşa
bilməkdir. Azərbaycan da məhz bu baxımdan son illərdə fərqlənən
ölkələrdən biridir.

“Qırx dörd günlük müharibə nəticəsində Azərbaycanın ərazilərinin
azad edilməsi məhz gələcəyin formalaşdırılmasında
qeyri-müəyyənliklə mübarizəyə bariz nümunə idi.

Bu gün modern dünyada bir zamanlar həll olunmamış münaqişələr
zaman keçdikcə qeyri-müəyyən status və forma alıb.

Prezident İlham Əliyevin bu forumda iştirakı göstərir ki, Bakı
artıq regional çərçivədən çıxaraq daha geniş – qlobal müstəvidə öz
sözünü deməyə çalışır. Təbii ki, bu, rəsmi Bakı üçün yenilik deyil.
Azərbaycan uzun müddətdir balanslı xarici siyasət yürüdür və bu
siyasət sayəsində həm Qərblə, həm də Şərqlə münasibətləri qoruyub
saxlaya bilir. Bu isə indiki mürəkkəb dövrdə çox az ölkəyə nəsib
olan üstünlükdür. Digər tərəfdən məhz bu siyasət sayəsində rəsmi
Bakı İslam dünyasında “Diplomatiyada Azərbaycan modeli”
formalaşdıra bilib”,- deyə R. Hafizoğlu vurğulayıb.




Ekspertin sözlərinə görə, Antalya Diplomatiya Forumu, eyni
zamanda, Türk dünyası üçün də mühüm platformadır. Azərbaycan və
Türkiyə arasındakı strateji müttəfiqlik bu cür tədbirlərdə daha
aydın hiss olunur. İki ölkə təkcə ikitərəfli münasibətləri inkişaf
etdirmir, həm də daha geniş coğrafiyada ortaq maraqları müdafiə
edir. Bu əməkdaşlıq artıq region sərhədlərini aşaraq daha böyük
geosiyasi məna qazanmağa başlayıb.

Forumda əsas mövzulardan biri qeyri-müəyyənliyin idarə
olunmasıdır və bu sahədə Azərbaycanın təcrübəsi kifayət qədər
diqqət çəkir. Xüsusilə son illərdə baş verən hadisələrdən sonra
ölkə yeni reallıqlara tez uyğunlaşa bildiyini göstərdi. Bu isə o
deməkdir ki, Azərbaycan təkcə mövcud vəziyyətə reaksiya vermir,
eyni zamanda, gələcək riskləri də hesablaya bilir. Məhz bu yanaşma
modern dünyamızda ən çox ehtiyac duyulan yanaşmadır.

Forumda müzakirə başlıqlarından biri də rəqəmsallaşma və süni
intellekt məsələləridir ki, bu da müasir diplomatiyanın ayrılmaz
hissəsinə çevrilib. Azərbaycan bu istiqamətdə də geri qalmamağa
çalışır. Dövlət xidmətlərinin elektronlaşdırılması, innovativ
idarəetmə üsullarının tətbiqi ölkənin yeni dövrə uyğunlaşdığını
göstərir. Artıq diplomatiya təkcə görüşlər və bəyanatlarla
məhdudlaşmır, texnologiya da bu prosesin vacib alətinə
çevrilir.

Müzakirə mövzusu olan enerji məsələsi isə Azərbaycanın ən güclü
tərəflərindən biri olaraq qalır. Ölkə uzun illərdir ki, Avropanın
enerji təhlükəsizliyində mühüm rol oynayır. Amma diqqət çəkən məqam
ondan ibarətdir ki, Azərbaycan təkcə neft və qazla kifayətlənmir.
Son dövrlərdə yaşıl enerji layihələrinə verilən önəm göstərir ki,
Bakı gələcəyi də düşünür. Qarabağ və Şərqi Zəngəzurun yaşıl enerji
zonası kimi inkişaf etdirilməsi bu baxımdan xüsusi əhəmiyyət
daşıyır.

Bütün bunlarla yanaşı, Azərbaycan beynəlxalq dialoq
platformalarının yaradılmasında da fəal iştirak edir. Müxtəlif
forumların təşkili, mədəniyyətlərarası dialoqun təşviqi ölkənin
yumşaq güc siyasətinin bir hissəsidir. Bu da Azərbaycanın təkcə
siyasi deyil, eyni zamanda, diplomatik və humanitar sahədə də təsir
imkanlarını artırır.

“Bilindiyi kimi, forumda təhlükəsizlik məsələləri də müzakirə
olunacaq. Təhlükəsizlik məsələlərinə gəldikdə isə son illərdə
regionda yaranmış yeni vəziyyət Azərbaycanın rolunu daha da
artırıb. Münaqişədən sonrakı dövrdə sülh təşəbbüsləri ilə çıxış
edən Bakı artıq daha sabit və proqnozlaşdırıla bilən regionun
formalaşmasında maraqlı tərəf kimi çıxış edir. Bu yanaşma gələcəkdə
iqtisadi və siyasi əməkdaşlıq üçün də yeni imkanlar yaradır.

İqlim dəyişiklikləri və dayanıqlı inkişaf məsələləri də getdikcə
daha çox önəm qazanıb ki, rəsmi Bakı bu istiqamətdə də olduqca
seçilib. Azərbaycan bu sahədə də aktiv olmağa çalışır və alternativ
enerji layihələrinə investisiya yatırmaqla gələcək riskləri
azaltmağa çalışır. Bu isə onu göstərir ki, ölkə yalnız bu günü
deyil, uzunmüddətli perspektivi də nəzərə alır”,- deyə R. Hafizoğlu
əlavə edib.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir