Dövlət satınalmalarının vahid internet portalına bir sıra funksionallıqlar əlavə olunub

Baş səhifə

Bakı. Trend:

Dövlət satınalmaları sahəsində hesabatlılığın artırılması,
proseslərin sadələşdirilməsi və rəqəmsallaşdırmanın
genişləndirilməsi məqsədilə “Etender.gov.az” portalında bir sıra
mühüm yeniliklər tətbiq edilib.

Trend bu
barədə Prezident yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət
Dövlət Agentliyinə istinadən xəbər verir.

Bildirilib ki, əsas yeniliklərdən biri elektron müqavilə
şərtlərinin formalaşdırılması ilə bağlıdır. Belə ki, artıq
satınalma prosesinin başlanğıc mərhələsində elektron müqavilə
şərtləri birbaşa sistem üzərindən formalaşdırılır. Bu, hüquqi və
texniki şərtlərin daha dəqiq müəyyən edilməsinə imkan yaradır.

Müqavilələrin elektron imzalanmasının təşkili məqsədilə dövlət
satınalmalarının vahid internet portalı (https://etender.gov.az/) ilə
Azərbaycan Respublikasının Maliyyə Nazirliyinin Rəqəmsal dövlət
maliyyəsi sisteminin “e-müqavilə” altsistemi (https://rdmis.gov.az/) arasında
inteqrasiya da həyata keçirilib. İnteqrasiyaya əsasən, yekunlaşmış
satınalmalar üzrə müqavilə, təklif barədə məlumatlar Maliyyə
Nazirliyinin sisteminə ötürülür və müqavilələrin imzalanması
“e-müqavilə” altsistemi üzərindən həyata keçirilir. Bununla da
müqavilələrin icrasına nəzarət mexanizmi optimallaşdırılır.
Müqavilə barədə məlumatlar isə müqavilə imzalandıqdan sonra Dövlət
satınalmalarının vahid internet portalına ötürülür.

Təchizatçı tərəfindən aksept məlumatları, bank hesabı, imza
səlahiyyətli şəxs və bildiriş ünvanları “etender.gov.az” vasitəsilə
əldə edilir və saxlanılır. Müqavilənin imzalanma mərhələsində bu
məlumatlar avtomatik olaraq “e-müqavilə” altsisteminə ötürülür.




Portalda aparılmış təkmilləşdirmələrə əsasən, satınalan
təşkilatlar satınalma predmetlərinin adını, miqdarını və ölçü
vahidini ayrıca müəyyən edir, təchizatçılar isə müvafiq olaraq
mənşə ölkəsi, marka, model və digər zəruri məlumatları daxil
edirlər. Bu məlumatlar sonradan müqavilənin ayrılmaz hissəsinə
çevrilir və dəyişdirilə bilmir.

Bununla yanaşı, şərtlər toplusu təsdiqləndikdən sonra
müqavilənin ümumi şərtləri sistem tərəfindən avtomatik
formalaşdırılır və satınalmanın tərkib hissəsi kimi təqdim olunur.
Aksept prosesi ilə bağlı tətbiq edilmiş yenilik isə müvafiq
bildirişlərin sistem tərəfindən avtomatik generasiya edilərək qalib
təchizatçıya göndərilməsini təmin edir.

Portalda tətbiq edilən növbəti funksionallıq nəzarət orqanı
tərəfindən məlumat və tövsiyə xarakterli rəsmi bildirişlərin
göndərilməsi ilə bağlıdır. Bu mexanizm vasitəsilə satınalma
prosesinin bütün iştirakçılarına bildirişlər (aid olduğu satınalma
konkret göstərilməklə) mərkəzləşdirilmiş qaydada və operativ
şəkildə çatdırılır. Eyni zamanda, istifadəçilərin bu bildirişlərlə
tanış olmadan sistemdə fəaliyyətini davam etdirməsi
məhdudlaşdırılır ki, bu da vacib məlumatların diqqətdən kənarda
qalmasının qarşısını alır və prosesdə intizamı gücləndirir.

Ümumilikdə isə tətbiq edilən bütün yeniliklər dövlət
satınalmalarında hesabatlılığın artırılmasına, rəqabət mühitinin
gücləndirilməsinə və proseslərin daha səmərəli təşkilinə mühüm
töhfə verir.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir