Dərin tarixi köklərə malik olan Azərbaycan-Türkiyə münasibətləri unikal qardaşlıq modelidir – Vüqar Rəhimzadə

Baş səhifə

Bakı. Trend:

Prezident İlham Əliyevin Türkiyə Respublikasının Prezidenti
Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə 5-ci Antalya Diplomatiya
Forumunda iştirak etmək üçün aprelin 16-da Türkiyəyə işgüzar səfəri
iki dost, qardaş, müttəfiq ölkənin dünyaya nümunə olan
münasibətlərinin növbəti təqdimatıdır. Hər bir səfər əlaqələrin
inkişafında mühüm mərhələ kimi dəyərləndirilir. Prezident Rəcəb
Tayyib Ərdoğanın himayəsində, Türkiyənin Xarici İşlər Nazirliyinin
ev sahibliyi ilə reallaşan, “Gələcəyi planlaşdırarkən
qeyri-müəyyənliklərin öhdəsindən gəlmək” mövzusunda keçirilən
Forumda 150-dən çox ölkədən 22 dövlət və hökumət başçısı, 14 dövlət
və hökumət başçısının müavini, 39-u xarici işlər naziri olmaqla
50-dən artıq nazir, həmçinin 75-i beynəlxalq təşkilatların
nümayəndəsi olmaqla ümumilikdə 500-dən çox yüksəksəviyyəli şəxs
iştirak edir. Forum çərçivəsində liderlərin panelləri də daxil
olmaqla, 40-dan çox tədbir və sessiyanın keçirilməsi nəzərdə
tutulur. Azərbaycan tədbirdə yüksəksəviyyəli nümayəndə heyəti ilə
təmsil olunur. Forumda qlobal qeyri-müəyyənliklər və regional
proseslər müxtəlif panel iclaslar, interaktiv sessiyalar və
ikitərəfli görüşlərlə ətraflı müzakirə olunur. Tədbirdə Cənubi
Qafqazdakı son vəziyyət müzakirə olunan mövzular arasında xüsusi
yer tutur. Aprelin 17-də Türkiyənin Antalya şəhərində açılış
mərasimi keçirilən 5-ci Antalya Diplomatiya Forumunda Prezident
İlham Əliyev və birinci xanım Mehriban Əliyeva iştirak etdilər.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan çıxışında Azərbaycanla
əlaqələndirilmiş şəkildə Ermənistanla normallaşma prosesində
addım-addım irəlilədiyimizi vurğulayaraq onu da qeyd etdi ki, bu
minvalla Asiya ilə Avropa arasındakı ticarətdə ən etibarlı marşrut
olan və Xəzərdən keçən Şərq-Qərb – Orta Dəhliz təşəbbüsünə də güclü
dəstəyimiz davam edir.

Forumda qlobal problemlərin həlli və gələcək çağırışlara
hazırlıq yolları araşdırılır, problemlərin mümkün həll yolları
barədə fikir mübadiləsi aparılır.

Trend xəbər verir
ki, bu fikirləri Milli Məclisin deputatı Vüqar Rəhimzadə KİV-ə
açıqlamasında bildirib.

Milli Məclisin deputatı qeyd edib ki, Prezident İlham Əliyevin
Forum çərçivəsində keçirdiyi görüşlər Azərbaycanın xarici
siyasətinin prioritet istiqamətlərindən olan ikitərəfli
əməkdaşlığın daha da möhkəmləndirilməsinin önəmini təsdiqlədi. Belə
ki, Prezident İlham Əliyev Forum çərçivəsində Suriya Ərəb
Respublikasının keçid dövrü Prezidenti Əhməd Əl Şaraa, Şimali Kipr
Türk Cümhuriyyətinin Prezidenti Tufan Erhürman, Moldova
Respublikasının Prezidenti Maya Sandu və Pakistan İslam
Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şərif ilə görüşdü.
Dövlət başçısı İlham Əliyevin Türkiyə Respublikasının Prezidenti
Rəcəb Tayyib Ərdoğan ilə də görüşü oldu. Görüşlərdə ölkələrimiz
arasında əlaqələrin inkişafında mövcud imkanlar geniş müzakirə
edildi. Azərbaycan-Türkiyə münasibətlərinin keçdiyi yola işıq salan
bu səfər özündə mühüm məqamları ehtiva edir. Azərbaycan- Türkiyə
əlaqlərinin inkişafında iki ölkənin liderinin səmimi dostluq,
qardaşlıq münasibətləri əhəmiyyətli rol oynayır. Reallıq budur ki,
ortaq tarix, mədəniyyət, dil və dini dəyərlər əsasında formalaşmış
Azərbaycan-Türkiyə münasibətləri tarixin bütün sınaqlarından uğurla
çıxaraq dünyaya qardaşlıq nümunəsini təqdim edir. Böyük Öndərlər
Mustafa Kamal Atatürkün “Azərbaycanın sevinci bizim sevincimiz,
kədəri bizim kədərimizdir”, Heydər Əliyevin “Biz bir millət, iki
dövlətik” çağırışları bütün dövrlərdə aktuallığını qorumaqla
bərabər, bu əlaqələrin hər sahədə uğurlu inkişafına bələdçilik
edir. Dünyaya səs salan 44 günlük İkinci Qarabağ müharibəsində
tarixi Zəfərimiz bu birliyi, həmrəyliyi daha da möhkəmləndirərək
2021-ci ilin iyununda Şuşa Bəyannaməsinin imzalanması ilə
dostluğumuz, qardaşlığımız, müttəfiqliyimiz rəsmiləşdirildi.

Vüqar Rəhimzadə vurğulayıb ki, bu gün Türkiyə-Azərbaycan birliyi
təkcə bölgə deyil, bütövlükdə Avrasiya üçün önəmli amilə çevrilib.
Dövlət başçısı İlham Əliyevin çıxışlarında qeyd etdiyi kimi,
Türkiyə bu gün dünya çapında söz sahibidir. Təkcə bölgəmizdə deyil,
dünya çapında bir çox məsələlərin necə həll edilməsi Türkiyənin
mövqeyindən asılıdır. Türkiyə regionda əmin-amanlığın, sülhün və
işbirliyinin qarantıdır. Qardaş ölkənin güclü sənaye potensialı,
güclü iqtisadiyyatı, o cümlədən hərbi gücü türk dünyasına mənsub
olan hər bir insanı sevindirir. Azərbaycan dost ölkənin
nailiyyətlərinə öz uğurları kimi sevinir.

44 günlük İkinci Qarabağ müharibəsinin ilk anlarından qardaş
Türkiyə Azərbaycana siyasi və mənəvi dəstək verdi. Prezident Rəcəb
Tayyib Ərdoğanın “Azərbaycan tək deyil” çağırışı dünyaya ciddi
mesaj oldu. Təbii ki, bu dəstək Azərbaycana əlavə güc verdi.
Dövlətimizin başçısının vurğuladığı kimi, bundan əvvəl də
Türkiyə-Azərbaycan əlaqələri qardaşlıq əlaqələri idi. Ancaq İkinci
Qarabağ savaşından sonra bizə göstərilən dəstək bu əlaqələri yeni
yüksək zirvəyə qaldırdı. Bu gün Müttəfiqlik Bəyannaməsini əsas
götürərək bütün məsələlərdə bir yerdəyik, bir nöqtəyə vururuq. Biz
öz gücümüzə güc qatırıq və təbii ki, türk dünyasının birləşməsi,
ortaq köklərə sahib olan xalqların bir arada olması Türk Dövlətləri
Təşkilatının hər bir üzvünü gücləndirəcək.

Milli Məclisin deputatı bildirib ki, ölkələrimiz arasında
əlaqələrin inkişafında enerji amilini nəzərə alsaq, Azərbaycan və
Türkiyənin birgə siyasi iradəsi əsasında reallığa çevrilən enerji
layihələri ölkələri, xalqları birləşdirir, yeni əməkdaşlıq
formatlarının yaradılmasına stimul verir. Ölkəmiz Cənubi Qafqazın
ən böyük enerji ixracatçısı kimi Türkiyə ərazisindən Avropa
bazarına enerji tədarükündə mühüm mövqeyə malikdir. Regional
əməkdaşlığa mühüm töhfələr verən Bakı-Tbilisi-Ceyhan neft və
Bakı-Tbilisi-Ərzurum qaz kəmərləri iştirakçı ölkələrlə yanaşı,
digər dövlətlərin də uzunmüddətli iqtisadi inkişafına geniş
imkanlar yaratdı. Bu layihələr təkcə iqtisadi baxımdan deyil, həm
də regional siyasi sabitlik və enerji təhlükəsizliyi üçün strateji
əhəmiyyət kəsb edir. 2020-ci ilin sonunda tam tərkibdə istifadəyə
verilən Cənub Qaz Dəhlizi dünyanın enerji təhlükəsizliyinə
Azərbaycanın töhfəsinin növbəti təqdimatı oldu. Bu layihənin əsas
seqmentlərindən olan Trans-Anadolu Qaz Boru Kəməri (TANAP)
Azərbaycanın təbii qazını Türkiyə vasitəsilə Avropaya çatdırmaqla
Cənubi Qafqazı Avropa enerji bazarına birləşdirən əsas dəhlizə
çevrildi. Azərbaycan-Türkiyə tərəfdaşlığının daha bir nümunəsi isə
İğdır-Naxçıvan qaz kəməri layihəsidir. Ötən ilin martın 5-də
Ankarada Prezident İlham Əliyevin və Rəcəb Tayyib Ərdoğanın
iştirakı ilə İğdır-Naxçıvan qaz kəmərinin videobağlantı formatında
açılış mərasimi keçirildi. Dövlətimizin başçısı həmin günü
Türkiyə-Azərbaycan dostluq, qardaşlıq tarixində önəmli bir gün kimi
dəyərləndirdi.

Vüqar Rəhimzadə qeyd edib ki, Azərbaycan-Türkiyə əlaqələri bütün
sahələrdə uğurla inkişaf edir. Dünya Azərbaycan-Türkiyə
dostluğunun, qardaşlığının fonunda bütün Türk dünyasının
birliyinin, həmrəyliyinin şahidinə çevrildi. Türk dövlətlərini bir
araya gətirən Türk Dövlətləri Təşkilatının beynəlxalq nüfuzunun
daha da möhkəmləndirilməsi əsas prioritetlər sırasındadır. Türk
dünyasını böyük ailə kimi dəyərləndirən Prezident İlham Əliyev bu
çağırışları edir ki, bu gün Türk Dövlətləri Təşkilatı dünya
miqyasında böyük nüfuz qazanmışdır və bizim beynəlxalq mövqelərimiz
möhkəmlənir. Həm bölgədə gedən proseslərə bizim təsir imkanlarımız
artır, eyni zamanda, qlobal müstəvidə də təşkilatımızın rolu
artmaqdadır və biz müştərək səylərlə mövqelərimizi
möhkəmləndirməliyik. Bu gün bizim təşkilatımız dünyanın aparıcı
beynəlxalq təşkilatlarının sırasına daxil edilməlidir. Bu, bizdən
asılıdır. Biz nə qədər səylər göstərsək, birlik göstərsək, önəmli
layihələrin icrasına nail olsaq və eyni zamanda, tərəfdaşlarımız
üçün də önəmli imkanlar yaratsaq, bizim beynəlxalq nüfuzumuz da,
mövqelərimiz də, imkanlarımız da bir o qədər artacaq. Türkiyə
Prezidenti Rəcəb Tayyib Ərdoğan 5-ci Antalya Diplomatiya Forumunun
açılış mərasimində çıxışında Türk Dövlətləri Təşkilatının
fəaliyyətinin daha da inkişaf etdiyini bildirərək vurğuladı ki, bu
ilin son aylarında ölkəmizdə təşkil edəcəyimiz XIII Türk Dünyası
Zirvəsində yeni dövrdə sədrliyi Azərbaycandan təhvil alacağıq.
İnşallah, bu müddətdə təşkilatımızın beynəlxalq fəaliyyətini və
nüfuzunu daha da artıracağıq.

Millət vəkili diqqəti 2023-cü il fevralında Türkiyənin
Kahramanmaraş şəhərində baş vermiş dəhşətli zəlzələyə də yönəldərək
bildirdi ki, bu fəlakət Azərbaycanı da dərindən sarsıtdı. Xalqımız
həmin ağır günlərdə qardaş Türkiyə xalqı ilə birgə faciənin
ağrı-acısını bölüşdü, sonsuz kədərini birlikdə yaşadı. Bu dəhşətli
zəlzələnin ilk dəqiqələrindən Azərbaycan xalqı və dövləti öz
qardaşlıq borcunu yerinə yetirmək üçün bütün imkanlarını səfərbər
etdi. Prezident İlham Əliyevin xüsusi tapşırığı ilə Azərbaycanın
qardaş ölkəyə uzunmüddətli dəstəyi üçün Kahramanmaraşda Azərbaycan
məhəlləsinin inşasına start verildi. Ötən ilin iyununda bu möhtəşəm
layihənin açılış mərasimi keçirildi. Kahramanmaraşda ucaldılan
Azərbaycan-Türkiyə dostluq abidəsi bu sarsılmaz qardaşlığın rəmzinə
çevrildi. Bu layihə təkcə bir tikinti layihəsi deyil, eyni zamanda,
Azərbaycan və Türkiyə qardaşlığının, ağır günlərdə bir-birinə dayaq
olmağın, dostluq və həmrəyliyin əyani nümunəsidir.

Vüqar Rəhimzadə vurğulayıb ki, dərin tarixi köklərə malik olan
Azərbaycan-Türkiyə münasibətləri unikal qardaşlıq modelidir. Bu
əlaqələrin böyük gələcəyi var. Bunu şərtləndirən amillər sırasında
gələcək əməkdaşlığın hüquqi təməlini möhkəmləndirən Şuşa
Bəyannaməsini, regionda dayanıqlı sülhün və təhlükəsizliyin təmin
edilməsinə verdikləri töhfələri, ölkələri, xalqları bir araya
gətirən enerji və nəqliyyat layihələrini, yüksək səviyyəli dialoq
mühitinin mövcudluğunu, hər iki ölkənin daim ədalətin və beynəlxalq
hüququn yanında olaraq bütün münaqişəli məsələlərin bu prinsiplər
əsasında həll edilməsinə xüsusi önəm vermələrini və bunu real
addımları ilə təsdiqləmələrini qeyd edə bilərik. Azərbaycan-Türkiyə
əlaqələri uzunmüddətli strateji tərəfdaşlığa əsaslanır. İki dost,
qardaş ölkənin daim bir-birinin yanında olması dünyaya dostluğun,
qardaşlığın əsl nümunəsini təqdim etməklə yanaşı, mühüm mesajları
özündə ehtiva edir.

Millət vəkili qeyd edib ki, Azərbaycanın sülh təcrübəsi
sözügedən Forum çərçivəsində təşkil edilən panel iclaslarda da əsas
diqqət göstərilən məsələlər sırasındadır. Azərbaycan 30 illik işğal
dövrünün dağıntılarını bu gün müasir şəhərsalma təcrübəsini nümayiş
etdirməklə bərpa-quruculuq işləri ilə əvəzləyir. Son beş ildən
artıq dövrün mühüm reallıqlarından biri təbii ki, dünyaya səs salan
sülh razılaşması oldu. Azərbaycan və Ermənistan arasında əldə
edilən bu razılaşma ötən ilin avqustunda ABŞ-da əldə edildi. Belə
ki, Prezident İlham Əliyev və Ermənistanın Baş naziri Nikol
Paşinyan ABŞ Prezidenti Donald Trampın iştirakı ilə Ağ Evdə
keçirilən görüşdə “Azərbaycan Respublikası və Ermənistan
Respublikası arasında sülhün və dövlətlərarası münasibətlərin təsis
olunması haqqında Saziş”in razılaşdırılmış mətnini parafladılar.
Regionda dayanıqlı sülhün və təhlükəsizliyin əldə olunması yeni
əməkdaşlıq formatlarının yaradılmasında, Azərbaycanın regionda və
dünya siyasətində mövqeyinin daha da möhkəmləndirilməsində
əhəmiyyətli rol oynayacaq. 5-ci Antalya Diplomatiya Forumu bu kimi
uğurlarımızın təqdimatında mühüm platformadır. Tədbir dialoqun
təşviqi, etimadın yenidən bərpası və daha güclü əməkdaşlığın
qurulmasını hədəfləyir.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir