
Bakı. Trend:
V Antalya Diplomatiya Forumu çərçivəsində “Bağlantıda yeni
imkanlar” mövzusunda panel iclas keçirilib.
Trend xəbər
verir ki, paneldə Azərbaycan Prezidentinin xüsusi tapşırıqlar üzrə
nümayəndəsi Elçin Əmirbəyovun, Şimali Makedoniyanın xarici işlər və
xarici ticarət naziri Timço Mucunskinin, Türkiyənin xarici işlər
nazirinin müavini Berris Ekincinin və Avropa İttifaqı Xarici
Fəaliyyət Xidmətinin Qərbi Avropa üzrə icraçı direktorunun müavini
Emanuele Giaufretin mövzu ilə bağlı fikirləri dinlənilib.
Toplantıda çıxış edən Elçin Əmirbəyov Azərbaycanın geosiyasi
mövqeyinin, strateji keçid yolu üzərində yerləşməsinin ixracın
şaxələndirilməsinə doğru hərəkətin əhəmiyyətini daha da ön plana
çıxarmasına diqqət çəkib.
“Orta Dəhliz qitələrarası nəqliyyat dəhlizidir və bəlkə də, iki
qitəni birləşdirən ən qənaətli, təhlükəsiz, qısa marşrutdur. Eyni
zamanda, bu şaxələndirməni artırır. Hesab edirəm ki, bazar
dəyişkənliyi, geosiyasi qeyri-sabitlik və gərginlik Orta Dəhlizin
əhəmiyyətini daha da artırır. Əvvəllər bu, sadəcə, alternativ
variantlardan biri idisə, hazırda mövcud vəziyyətdən çıxış üçün
getdikcə daha vacib bir yol halına gəlib”, – deyə o bildirib.
Daxil olduğumuz regionun onilliklər boyu münaqişələr, bağlı
sərhədlər və parçalanma ilə yadda qaldığını qeyd edən Elçin
Əmirbəyov Azərbaycanın artıq öz ərazi bütövlüyünü və suverenliyini
bərpa etdiyini, bundan sonra qonşu Ermənistanla faktiki sülh
şəraitində yaşadığını və bunun yeni imkanlar yaratdığını
vurğulayıb. O deyib: “Bu imkanlar Ermənistan və Azərbaycanla
yanaşı, ümumilikdə region ölkələri arasında müsbət qarşılıqlı
asılılıqlar yaradır. Hesab edirəm ki, bu cür qarşılıqlı əlaqə və
asılılıq sülh üçün ən yaxşı təminatlardan biridir, çünki bu, əsl
“qazan-qazan” vəziyyətidir”.
Digər çıxışçılar qlobal ticarət yolları və infrastruktur
layihələri haqqında danışıblar. Bildirilib ki, bu layihələrin tam
potensialını üzə çıxarmaq üçün texniki, hüquqi və investisiya ilə
bağlı çətinliklərin çoxtərəfli əməkdaşlıq vasitəsilə həll edilməsi
zəruridir.

