Kürdəmirə gedən yollar: Sərnişin üçün yeni nəqliyyat seçimi (FOTO)

Baş səhifə

Bakı.Trend:

Pandemiyadan təxminən altı il sonra Bakı–Kürdəmir istiqamətində
dəmir yolu əlaqəsinin yenidən bərpası mümkün oldu. Yenilənmiş
qrafikə əsasən Bakıdan-Kürdəmirə qədər olan məsafə artıq 2 saat 11
dəqiqəyə qət edilir, standart bilet qiyməti isə 11 manat 10 qəpik
müəyyən edilib. Bununla yanaşı, Kürdəmirə avtomobil nəqliyyatı ilə
də səfər etmək mümkündür ki, bu da sərnişinlər üçün alternativ
seçimlər yaradır və ümumilikdə nəqliyyat əlçatanlığını artırır.

Mövzu ilə əlaqədar Trend-ə açıqlamasında nəqliyyat eksperti Rauf
Ağamirzəyev bildirib ki, nəqliyyat növlərinin müxtəlifliyi
artdıqca, əhalinin mobilliyi və regionlara çıxış imkanları da
genişlənir. Vətəndaşlar öz ehtiyaclarına və imkanlarına uyğun
nəqliyyat vasitəsini seçə bildikdə, bu, həm rahatlığı artırır, həm
də yaşayış məntəqələrinin ümumi cəlbediciliyinə müsbət təsir
göstərir. Eyni zamanda, nəqliyyat əlçatanlığı daşınmaz əmlak
bazarında qiymət artımına təsir edən əsas amillərdən biri kimi
çıxış edir.

“Hazırda Bakı Beynəlxalq Avtovağzal Kompleksindən Kürdəmir
istiqamətinə avtobuslarla səfər təxminən 3 saat davam edir və
gedişhaqqı 7 manat 20 qəpikdir. Dəmir yolu nəqliyyatında isə həftə
içi Bakı–Qazax və Bakı–Balakən (yataq tipli) qatarları üzrə
ümumilikdə 3 reys həyata keçirilir, əlavə olaraq şənbə günləri
Bakı–Ağdam marşrutu fəaliyyət göstərir. Bayram və qeyri-iş
günlərində reyslərin sayı artırılır. Biletlərin qiyməti dinamik
tarif siyasətinə əsasən tənzimlənir və əvvəlcədən alınan biletlər
daha sərfəli olur”.




Ekspertin fikrincə, qatarla səyahət müddətinin avtobusla
müqayisədə daha qısa olması bu nəqliyyat növünü əlavə olaraq daha
cəlbedici edir: “Bununla yanaşı, Hacıqabul-Bakı dəmir yolu xəttində
elektrik təchizatının sabit cərəyan sistemindən dəyişən cərəyana
keçirilməsi istiqamətində işlər davam etdirilir və layihənin
növbəti il ərzində başa çatdırılması planlaşdırılır. Bu yenilik
regionlar üzrə qatar hərəkətinin intensivliyinin artırılmasına
şərait yaradacaq və Azərbaycanın strateji tranzit mövqeyini daha da
gücləndirməsinə töhfə verəcək”.

R.Ağamirzəyev əlavə edib ki, Kürdəmir rayonu M-2
(Bakı–Ələt–Qazax–Gürcüstan sərhədi) magistralı ilə R-11
(Ağsu–Kürdəmir–Bəhramtəpə) avtomobil yolunun kəsişdiyi mühüm
nəqliyyat qovşağında yerləşir: “Bu coğrafi mövqe rayona həm
tranzit, həm də regional mərkəz kimi əlavə üstünlüklər qazandırır.
Nəticə etibarilə, Kürdəmir artıq yalnız keçid məntəqəsi deyil,
formalaşmaqda olan regional nəqliyyat qovşaqlarından biri kimi ön
plana çıxır”.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir