Azərbaycan ilə Meksika arasında diaspor fəaliyyətinə dair memorandum imzalanıb

Baş səhifə

Bakı. Trend:

Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin
sədri Fuad Muradov Meksika Birləşmiş Ştatlarına işgüzar səfərə
gedib. Səfər çərçivəsində bir sıra əhəmiyyətli görüş və tədbirlər
baş tutub.

Bu barədə Trend-ə Diasporla İş üzrə Dövlət Komitəsindən məlumat
verilib.

Bildirilib ki, komitə sədri və əməkdaşları Azərbaycan
Respublikasının Meksikadakı səfirliyini ziyarət edib, Ümummilli
Lider Heydər Əliyevin büstü önünə əklil qoyaraq əziz xatirəsini
ehtiramla anıblar. Tədbir çərçivəsində Ulu Öndərin 1982-ci ildə
Meksikaya etdiyi rəsmi səfərə dair videoreportaj nümayiş olunub,
həmin tarixi səfərin yaddaqalan olduğu vurğulanıb.

Daha sonra paytaxt Mexikonun mərkəzi Paseo Reforma prospektində
yerləşən Meksika-Azərbaycan Dostluq Parkı ziyarət olunub. Bu
dostluq parkı iki xalq arasında mehriban münasibətlərin rəmzi kimi
qiymətləndirilir.

Səfərin əsas məqamlarından biri Meksika Xarici İşlər
Nazirliyində keçirilən görüş olub. Komitə sədri Meksika Xarici
İşlər Nazirliyində Xaricdə Yaşayan Meksikalılarla İş üzrə
İnstitutun rəhbəri Tatyana Klutye ilə görüşüb. Görüşdə İlham
Əliyevin prezidentliyi dövründə Azərbaycanın diaspor siyasətinin
dinamik inkişaf etdiyi xüsusi vurğulanıb, həmçinin hər iki ölkənin
xaricdə yaşayan vətəndaşlarla iş sahəsindəki yanaşmaları müzakirə
edilib, qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir
mübadiləsi aparılıb.

Komitə sədri rəhbərlik etdiyi qurumun yaranma tarixi, fəaliyyəti
və həyata keçirilən mühüm layihələrdən danışıb, xaricdəki
Azərbaycan icmalarının ümummilli dəyərlər ətrafında sıx
birləşdiklərini, ölkəmizin xaricdəki “yumşaq güc”ünə çevrilmək
yolunda uğur qazandıqlarını ifadə edib. Həmçinin, 20 xarici ölkədə
32 Azərbaycan Evinin, 100-ə yaxın həftəsonu məktəbinin
yaradıldığını, həyata keçirilən layihələrin yüzminlərlə soydaşımızı
əhatə etdiyini, xaricdə yaşayan azərbaycanlıların uğurlu
inteqrasiyasını və yaşadıqları ölkələrin ictimai-siyasi həyatındakı
müsbət rollarını diqqətə çatdırıb.

Tatyana Klutye öz növbəsində qeyd edib ki, rəhbərlik etdiyi
qurum dünyanın müxtəlif ölkələrində yaşayan meksikalı miqrantların
hüquqlarının qorunması, milli kimliklərinin saxlanılması ilə
yanaşı, onların sahibkarlıq fəaliyyətinin inkişafına, xüsusilə
qadınların biznes fəaliyyətinə cəlb olunmasına və uşaqların
təhsilinə dəstək göstərilməsi istiqamətində mühüm işlər həyata
keçirir. Qeyd olunub ki, Meksika dövləti diaspor siyasətinə böyük
önəm verir, çünki təkcə Amerika Birləşmiş Ştatlarında 11 milyon
meksikalı yaşayır.

Görüşdə Azərbaycan Respublikasının Meksikadakı səfiri Seymur
Fətəliyev və səfirliyin əməkdaşları iştirak edib.

Görüş “Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət
Komitəsi ilə Xaricdə Yaşayan Meksikalılar İnstitutu vasitəsilə
Meksika Birləşmiş Ştatlarının Xarici İşlər Nazirliyi arasında
Anlaşma Memorandumu”nun imzalanması ilə yekunlaşıb.

Bu mühüm sənəd xaricdə yaşayan azərbaycanlı və meksikalı
icmaların fəaliyyətinə dəstəyin gücləndirilməsini, onların hüquq və
maraqlarının qorunmasını, eləcə də müxtəlif sahələrdə əməkdaşlıq
mexanizmlərinin yaradılmasını nəzərdə tutur. Memorandum
çərçivəsində tərəflər arasında müntəzəm məsləhətləşmələrin
aparılması, informasiya və təcrübə mübadiləsinin genişləndirilməsi,
birgə layihə və təlim proqramlarının təşkili planlaşdırılır. Sənəd
iki ölkə arasında diaspor sahəsində əməkdaşlığın institusional
əsaslarını möhkəmləndirərək gələcəkdə daha genişmiqyaslı
təşəbbüslərin həyata keçirilməsinə zəmin yaradır.

Ümumilikdə bu səfər və imzalanan memorandum Azərbaycan-Meksika
münasibətlərinin inkişafına mühüm töhfə verməklə yanaşı, diaspor
fəaliyyətinin daha səmərəli və koordinasiyalı şəkildə həyata
keçirilməsi baxımından yeni imkanlar açır.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir