Aleksandar Vuçiç Prezident İlham Əliyevə zəng edib

Baş səhifə

Bakı. Trend:

Aprelin 19-da Serbiya Respublikasının Prezidenti Aleksandar
Vuçiç Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng
edib.

Trend xəbər verir ki, telefon
söhbəti zamanı Azərbaycan Prezidentinin bu ilin fevralında
Serbiyaya rəsmi səfəri, dövlət başçılarının iştirakı ilə keçirilmiş
Azərbaycan Respublikası və Serbiya Respublikası arasında Strateji
Tərəfdaşlıq Şurasının 1-ci iclası məmnunluqla xatırlanıb, səfər
çərçivəsində imzalanmış sənədlərin əməkdaşlığın möhkəmləndirilməsi
baxımından əhəmiyyəti vurğulanıb.

Azərbaycan və Serbiya prezidentləri ikitərəfli əlaqələrimizin
daha da gücləndirilməsi barədə fikir mübadiləsi aparıb, iqtisadi
əməkdaşlığın dərinləşdirilməsi, enerji, investisiyalar və hər iki
dövlət üçün strateji əhəmiyyət kəsb edən yeni birgə layihələrin
daha da inkişaf etdirilməsi ilə bağlı planları müzakirə
ediblər.

Serbiyaya göstərdiyi davamlı dəstəyə görə Prezident İlham
Əliyevə bir daha minnətdarlıq edən Aleksandar Vuçiç ölkəsinin
Azərbaycanla münasibətləri səmimi dostluq, qarşılıqlı hörmət və
iqtisadi tərəqqiyə ortaq maraq ruhunda gələcəkdə də inkişaf
etdirmək əzmini bir daha vurğulayıb.

Aleksandar Vuçiç bütün bunları ölkələrimiz arasında güclü
tərəfdaşlığın və qarşılıqlı etimadın təsdiqi kimi qiymətləndirib.
Serbiya Prezidenti gələn ay Bakıda keçiriləcək Ümumdünya Şəhərsalma
Forumunun XIII Sessiyasında iştirak edəcəyini də deyib.

Telefon danışığı zamanı Serbiyanın “Airserbia” şirkətinin mayın
3-nə planlaşdırılan Belqrad-Bakı marşrutu üzrə birbaşa uçuşların
həyata keçiriləcəyindən məmnunluq bildirilib, bunun xalqlarımızın
yaxınlaşdırılması və iqtisadiyyatlarımızın, o cümlədən turizm
potensialının möhkəmləndirilməsi istiqamətində mühüm addım olduğu
vurğulanıb.

Dövlət başçıları Yaxın Şərqdəki mövcud vəziyyətlə bağlı fikir
mübadiləsi aparıb, regionun təhlükəsizliyi və inkişafı üçün əsas
şərtlərdən biri kimi sülhün və sabitliyin bərpasının vacibliyini
bir daha qeyd ediblər.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir