Bakıda “II Autizm Maarifləndirmə Forumu” keçirildi (FOTO)

Baş səhifə

Bakı. Trend:

İDDO Psixi Sağlamlıq Proqramının təşkilatçılığı ilə 18 aprel
2026-cı il tarixində Bakı şəhərində yerləşən Nizami Kino Mərkəzində
“II Autizm Maarifləndirmə Forumu” keçirildi.

“Autizmdə Bütöv Yanaşma” mövzusuna həsr olunan forum
maarifləndirici məzmunu və yüksək sosial əhəmiyyəti ilə seçildi.
Forumun əsas məqsədi valideynlərin maarifləndirilməsi,
mütəxəssislərin daha məsuliyyətli fəaliyyətə təşviq olunması və
autizmli uşaqların cəmiyyətə inteqrasiyasının vacibliyinin
vurğulanması olub.

Tədbir çərçivəsində autizm sahəsində mövcud problemlər, həll
yolları və bu sahənin strukturlaşdırılması istiqamətləri müzakirə
edilib.

Forumda Azərbaycan Respublikasının Milli Məclisinin deputatları
İlham Məmmədov, Elçin Mirzəbəyli, Müşfiq Məmmədov, Məlahət
İbrahimqızı, Aydın Hüseynov, Elman Nəsirov, Könül Nurullayeva,
Nigar Məmmədova, eləcə də Təhsil Nazirliyi, Səhiyyə Nazirliyi,
Təbib, Ailə, Qadın və Uşaq Problemləri Komitəsi, Əmək və Əhalinin
Sosial Müdafiəsi Nazirliyinin nümayəndələri iştirak ediblər.

Eyni zamanda tədbirdə Türkiyə Respublikasının Azərbaycan
Respublikasındakı səfirinin həyat yoldaşı Zührə Akgün də iştirak
edib.

Forum çərçivəsində Azərbaycan və Türkiyə arasında autizm
sahəsində əməkdaşlığın inkişaf etdirilməsi istiqamətində mühüm
fikir mübadiləsi aparılıb. Qeyd olunub ki, iki qardaş ölkə arasında
bu istiqamətdə bilik və təcrübə mübadiləsinin genişləndirilməsi,
mütəxəssislərin birgə fəaliyyəti və beynəlxalq standartların
tətbiqi gələcək dövrdə daha sistemli və effektiv nəticələrin əldə
olunmasına şərait yaradacaq.
Çıxış edənlər autizm spektr pozuntularının müasir dövrdə geniş
yayılmış və xüsusi diqqət tələb edən sahə olduğunu vurğulayaraq, bu
kimi forumların valideynlərin düzgün istiqamətləndirilməsi və
cəmiyyətdə məlumatlılığın artırılması baxımından mühüm rol
oynadığını bildiriblər.

İDDO Psixi Sağlamlıq Proqramının rəhbəri Jalə Əhmədova çıxışında
psixologiya mərkəzləri və psixoloji xidmətlərin fəaliyyətinin
tənzimlənməsi istiqamətində görülən işlər barədə məlumat verib. O
bildirib ki, bu məqsədlə standartlaşdırma komitəsi yaradılıb və
2026-cı il ərzində multidissiplinar komandanın iştirakı ilə etik
kodeksin, diaqnostika və reabilitasiya standartlarının hazırlanması
planlaşdırılır. Qeyd olunub ki, bu standartların tətbiqi erkən
diaqnostikanın keyfiyyətinin artırılmasına və qeyri-peşəkar
fəaliyyətlərin qarşısının alınmasına xidmət edəcək.




Milli Məclisin Səhiyyə komitəsinin sədr müavini, millət vəkili
Məlahət İbrahimqızı çıxışında autizm sahəsində dövlət siyasətinin
gücləndirilməsinin vacibliyini vurğulayıb. O qeyd edib ki, erkən
diaqnostika və sistemli reabilitasiya xidmətlərinin inkişafı
prioritet istiqamətlərdəndir və bu sahədə qanunvericilik bazasının
təkmilləşdirilməsi istiqamətində işlər davam etdirilir.

İDDO Psixi Sağlamlıq Proqramının baş psixoloqu Rövşən Nəzərli
çıxışında autizm spektr pozuntusunun erkən diaqnostikasının 6–9
aylıq dövrdən başlanmasının vacibliyini qeyd edib. O bildirib ki,
diaqnozların gec qoyulması geniş yayılmış problemdir və 3 yaşda
qoyulan diaqnoz artıq gec hesab oluna bilər. Eyni zamanda
reabilitasiya prosesində multidissiplinar yanaşmanın vacibliyi
vurğulanıb.

Forum çərçivəsində Türkiyədən dəvət olunmuş mütəxəssislər də
çıxış ediblər. Dr. Anıl Gürkan “QEEG ilə beyin xəritələmə: Autizmdə
beyinə necə baxırıq?” mövzusunda təqdimatla çıxış edərək metodun
imkanları və məhdudiyyətləri barədə məlumat verib.

Dr. Murat Balanlı və dietoloq Ramilə İmanova autizmdə tez-tez
rast gəlinən həzm sistemi problemləri, mikrobiota ilə davranış
arasındakı əlaqə və sistemik iltihabın təsiri barədə çıxış
ediblər.

Psixoloq Yeliz Ceylan isə autizmdə davranış və emosiyaların
tənzimlənməsi, sensor həssaslıq, “meltdown” və “tantrum” arasındakı
fərqlər, eləcə də ailələrin yol verdiyi tipik səhvlər və evdə
tətbiq oluna biləcək dəstək üsulları barədə məlumat verib.

Forum zamanı iştirakçıların sualları cavablandırılıb,
valideynlər üçün maarifləndirici müzakirələr aparılıb.

Qeyd olunub ki, bu cür təşəbbüslər inklüziv cəmiyyətin
formalaşmasına, xüsusi qayğıya ehtiyacı olan uşaqların sosial
inteqrasiyasına və onların inkişaf imkanlarının genişləndirilməsinə
mühüm töhfə verir.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir