
Bakı. Trend:
2026-cı ilin yanvar-fevral ayları ərzində elektron satınalmalar
ötən ilin analoji dövrü ilə müqayisədə say üzrə 11,1%, məbləğ üzrə
isə 13,9% artıb.
Trend bu
barədə Prezident yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət
Dövlət Agentliyinə istinadən xəbər verir.
Belə ki, bu ilin ilk iki ayında ərzində elektron satınalmaların
sayı 783 vahid, məbləği isə 407,1 milyon manat təşkil edib. Ötən
ilin eyni dövründə elektron satınalmaların sayı 705, məbləği isə
357,5 milyon manata bərabər idi.
Qeyd edilən dövr ərzində açılışı baş tutmuş müsabiqələr üzrə
orta iştirakçı sayı 3,9 olub. Bildirilib ki, bu, sağlam rəqabətin,
kiçik və orta sahibkarlarların (KOB) fəallığının və iqtisadi
diversifikasiyanın göstəricisidir.
“Dövlət satınalmalarının rəqəmsallaşdırılması iqtisadi
səmərəliliyi təmin edir, kiçik və orta sahibkarların (KOB) dövlət
sifarişlərinə çıxışını asanlaşdırır və informasiya əlçatanlığını
artırmaqla bazarda bərabərliyi təşviq edir”, – məlumatda əlavə
edilib.

