
Bakı. Trend:
Prezident İlham Əliyevin Antalya Diplomatiya Forumu çərçivəsində
iştirakı Azərbaycanın xarici siyasətində dialoq və çoxşaxəli
diplomatiya xəttinin davamı kimi qiymətləndirilir.
Bunu Trend-ə
açıqlamasında politoloq Azər Qarayev deyib.
Onun sözlərinə görə, bu platforma regional və qlobal məsələlərin
müzakirə olunduğu, dövlət və hökumət başçıları, xarici işlər
nazirləri və beynəlxalq təşkilat nümayəndələrinin bir araya gəldiyi
mühüm diplomatik formatdır.
“Forumda iştirak edən Prezident İlham Əliyev üçün bu tədbir həm
ölkənin mövqelərinin beynəlxalq auditoriyaya çatdırılması, həm də
aktual regional proseslərə dair birbaşa fikir mübadiləsi aparmaq
baxımından əhəmiyyətlidir. Xüsusilə Cənubi Qafqaz regionunda
post-münaqişə dövrü gündəliyi, sülh prosesləri və iqtisadi
əməkdaşlıq imkanları kimi mövzular belə platformalarda daha geniş
müzakirə olunur”.
A. Qarayev qeyd edib ki, forum çərçivəsində keçirilən görüşlər
isə diplomatik baxımdan xüsusi önəm daşıyır.
“Prezident İlham Əliyevin müxtəlif ölkələrin liderləri və
beynəlxalq təşkilat nümayəndələri ilə keçirdiyi təmaslar ikitərəfli
münasibətlərin inkişafı, iqtisadi və enerji əməkdaşlığının
genişləndirilməsi, həmçinin regional təhlükəsizlik məsələlərinin
müzakirəsi üçün əlavə imkanlar yaradır. Belə görüşlər adətən formal
danışıqlardan daha çevik və operativ fikir mübadiləsinə şərait
yaradır.
Xüsusilə Azərbaycan Respublikası Prezident İlham Əliyev, Türkiyə
Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan və Pakistan Baş
naziri Şahbaz Şərif Antalya Diplomatiya Forumu çərçivəsində görüş
keçiriblər. Görüş zamanı tərəflər regional və beynəlxalq gündəmdə
olan məsələlər ətrafında fikir mübadiləsi aparıblar. Görüş
qarşılıqlı anlaşma və dialoqun davam etdirilməsi baxımından
əhəmiyyətli hesab edilir.
Dünyada artan geosiyasi gərginliklər, regional münaqişələr və
dəyişən güc balansı fonunda dövlətlər arasında siyasi dialoq və
əməkdaşlıq daha da aktuallaşır. Prezident İlham Əliyev, Rəcəb
Tayyib Ərdoğan və Şahbaz Şərif arasında Antalya Diplomatiya Forumu
çərçivəsində keçirilən görüş də məhz bu kontekstdə xüsusi əhəmiyyət
daşıyır. Görüşün mahiyyəti regional sabitlik, təhlükəsizlik və
iqtisadi əməkdaşlıq istiqamətlərində ortaq yanaşmaların
müzakirəsidir. Hər üç ölkənin apardığı xarici siyasət kursu
qarşılıqlı dəstək və strateji tərəfdaşlıq prinsiplərinə əsaslanır.
Bu cür təmaslar qlobal qeyri-müəyyənlik şəraitində siyasi
koordinasiyanın gücləndirilməsinə xidmət edir”.
Politoloq qeyd edib ki, eyni zamanda, bu cür tədbirlər
Azərbaycanın beynəlxalq siyasətdə aktiv iştirak edən aktor kimi
mövqeyini gücləndirir.
“Diplomatik forumlar vasitəsilə həm yeni əməkdaşlıq
istiqamətləri müəyyənləşdirilir, həm də mövcud tərəfdaşlarla
əlaqələr daha da dərinləşdirilir.Ümumilikdə, Antalya Diplomatiya
Forumunda iştirak və burada aparılan görüşlər Azərbaycanın xarici
siyasət strategiyasının praktiki icrası, beynəlxalq dialoqa açıq
mövqeyi və regional proseslərdə fəal rolunu davam etdirməsi
baxımından əhəmiyyətli diplomatik addım kimi dəyərləndirilir”, –
deyə o qeyd edib.

