
Bakı. Trend:
Sosial mediada xəstəxananın həyətində ürəyi dayanan kişiyə tibb
personalı tərəfindən həyətdə ilkin müdaxilə edildiyini əks etdirən
görüntülər yayılıb.
Trend-in
sorğusuna cavab olaraq TƏBİB-dən bildirilib ki, vətəndaşa ilkin
yardımın göstərilməsi görüntüləri Mərkəzi Neftçilər Xəstəxanasının
həyətində qeydə alınıb.
Məlumata görə, ictimai nəqliyyatda (avtobusda) vəziyyəti qəfil
pisləşən 1964-cü il təvəllüdlü şəxs (kişi) ətrafındakı insanların
köməkliyi ilə 19.04.2026-cı il tarixində saat 19:50 radələrində
yaxınlıqda yerləşən Mərkəzi Neftçilər Xəstəxanasına çatdırılıb.
“Hadisə zamanı vətəndaşa ilk tibbi müdaxilə xəstəxananın
həyətində göstərilib. Təcili olaraq kardiopulmonar reanimasiya
(CPR) – ürəyin qapalı masajı başlanılıb, venadaxili adrenalin
tətbiq edilib və pasiyent intubasiya olunaraq xəstəxananın qəbul
şöbəsinə yerləşdirilib.
Xroniki ürək çatışmazlığı, ürək ritm pozğunluğu (aritmiya),
ağciyər-ürək çatışmazlığı, ürək dayanmasından sonrakı vəziyyət
diaqnozları təyin olunan şəxsin həyatı göstərilən uğurlu müdaxilə
nəticəsində xilas edilib.
Hazırda pasiyentin müalicəsi Reanimasiya şöbəsində davam edir,
vəziyyəti ağır qiymətləndirilir”.

