
Bakı. Trend:
Azərbaycanda dövlət aqrar sığorta mexanizmi ilə pambıq
əkinlərinin sığortalanması mövsümünə start verilib.
Trend bu
barədə Aqrar Sığorta Fonduna istinadən xəbər verir.
Bildirilib ki, pambıq əkini ilə məşğul olan fermer və
təsərrüfatlar Aqrar Sığorta Fonduna müraciət edərək dövlət dəstəyi
ilə təqdim edilən güzəştli aqrar sığorta mexanizmi vasitəsilə
əkinlərini sığorta edə bilərlər.
“Pambıq Azərbaycanda becərilən strateji kənd təsərrüfatı
bitkilərindən biri, ölkədən xaricə ixrac edilən əsas qeyri-neft
məhsullarındandır.
Hazırda Azərbaycanın 20-yə yaxın rayonunda 110 min hektara yaxın
ərazidə pambıq becərilir. Pambıq tarlalarının böyük hissəsi
Mil-Muğan, Salyan-Şirvan və Mərkəzi Aran regionlarındadır. Ölkənin
əsas pambıqçılıq rayonları: Saatlı – 12,6 min hektar, Ağcabədi –
11,8 min hektar, Sabirabad – 11,1 min hektar, Salyan – 9,7 min
hektar, Beyləqan – 8,9 min hektar, Bərdə – 8,5 min hektar,
Biləsuvar – 8,1 min hektar, İmişli – 7,9 min hektar, Neftçala – 7,2
min hektar, Yevlax – 3,3 min hektar, Zərdab – 3,1 min hektar,
Tərtər – 2,8 min hektar, Ağdam – 2,4 min hektar, Goranboy – 2,0 min
hektar, Kürdəmir – 1,1 min hektar və başqalarıdır”, – məlumatda
qeyd edilib.
Vurğulanıb ki, pambıq əkinləri bölgə əhalisinin gəlirlərinə və
iqtisadi vəziyyətinə ciddi təsir edir: “Hazırda ölkəmizdə 15 minə
yaxın fermer pambıq əkini ilə məşğuldur. Fermer ailələrinin
iqtisadi vəziyyəti və rifah halı böyük dərəcədə məhz pambığın
gətirdiyi gəlirlərdən asılıdır.
Təbiət hadisələrinə qarşı həssas olan pambıq əkinləri müxtəlif
səbəblərdən zərər görə bilər. Pambıq sahələrinə ən çox dolu,
sel-subasma, leysan yağışları və üçüncü şəxslərin hərəkətləri kimi
hadisələr zərər vurur. Belə hallar nəticəsində fermerlər
gəlirlərini itirə, hətta ağır borc yükü ilə üzləşə bilərlər.
Lakin Aqrar Sığorta Fondunun təqdim etdiyi dövlət dəstəkli aqrar
sığorta bütün bu halların vurduğu zərəri qarşılayır. İndiyədək
zərərlə üzləşmiş minlərlə fermerə aqrar sığorta vasitəsilə 2,2
milyon manatdan artıq ödəniş edilib. Belə ki, ölkəmizdə 2023-cü
ildə 686 hektar sahəyə dəymiş zərərlər üzrə fermerlərə 386 min
manat sığorta ödənişi edildiyi halda, 2024-cü ildə 4 min hektar
əraziyə dəymiş zərərlər üzrə 880 min manat, 2025-ci ildə isə 2064
hektar pambıq sahəsində baş vermiş hadisələr üzrə fermerlərə 958
min manat sığorta ödənişi həyata keçirilib.
50%-lik dövlət dəstəyi sayəsində fermerlər pambıq sahəsini cüzi
ödənişlə sığorta edə bilərlər. Ölkənin əksər ərazilərində 1000
manatlıq pambıq məhsulunun sığortası cəmi 7-10 manat arasında
dəyişir”.
Bildirilib ki, son aylar Azərbaycanda baş verən təbiət
hadisələri, güclü yağışlar və sel-subasma digər sahələr kimi pambıq
əkinləri üçün də böyük risk yaradır: “Bu halların gətirdiyi zərərin
qarşısını almaq üçün ən effektiv üsul pambıq sahələrini vaxtında
sığorta etməkdir.
Pambıq sahələrinin sığortası aprel ayında başlayır və may ayının
sonunadək davam edir. Məhsulu vaxtında sığortalamaq onu daha çox
riskdən, o cümlədən may ayında baş verən leysan yağışlardan
qorumağa imkan verir.
Aqrar sığorta məhsulları, əkinlərin və heyvanların
sığortalanması şərtləri, eləcə də sığorta haqları barədə ətraflı
məlumatı Aqrar Sığorta Fondunun rəsmi internet səhifəsindən
(asf.gov.az), həmçinin 1651 Çağrı Mərkəzinə müraciət etməklə almaq
mümkündür”.

