Azərbaycanda III ixtisas qrupu ləğv olunur?

Baş səhifə

Bakı. Trend:

Bu il qəbul imtahanlarının ikinci mərhələsinin 1-ci cəhdi üçün
ixtisas qrupları üzrə statistikaya nəzər salanda görünür ki, 3-cü
ixtisas qrupu üzrə iştirakçı sayı ötən ilə nisbətən xeyli azdır.
Təhsil ictimaiyyəti isə bu ixtisas qrupunun getdikcə aktuallığını
itirdiyi və plan yerlərinin boş qalacağını müzakirə edirlər.

Mövzu ilə bağlı təhsil eksperti Elmin Nuri Trend-ə açıqlamasında
bildirib ki, süni intellekt dövründə İT texnologiyalarının sürətlə
inkişaf etdiyi bir mərhələdə bəzi ixtisasların mövcudluğunu qoruyub
saxlaması üçün mütləq şəkildə transformasiya və ya reformasiya
keçməsi zəruridir.

Onun szözlərinə görə, bir sıra ixtisaslar gələcəkdə ya
aktuallığını zəiflədəcək, ya da tamamilə sıradan çıxacaq:

“Bəzi ixtisaslar isə hətta bu cür dəyişikliklər hesabına belə öz
mövcudluğunu qorumaqda çətinlik çəkir. Üçüncü ixtisas qrupu bir
neçə profilli istiqamətləri özündə birləşdirir. Kəmiyyət baxımından
ən geniş yer tutan profil pedaqoji ixtisaslardır. Bu qrupa
Azərbaycan dili və ədəbiyyatı, tarix, ingilis dili, ibtidai sinif
müəllimliyi, məktəbəqədər təhsil və digər ixtisaslar daxildir.
Digər istiqamət elmi-humanitar profildir ki, buraya filologiya,
pedaqogika və s. aiddir. Növbəti profil hüquqşünaslıq və dövlət
idarəetməsi sahələrini əhatə edir. TC alt qrupunda regionşünaslıq
praktikliyi ilə seçilir. Bundan əlavə, sosial iş və tərcümə
sahələri də bu qrupa daxildir.

Zaman göstərir ki, bu ixtisasların bir çoxu, xüsusilə yaradıcı
və kulturoloji istiqamətli profillər, getdikcə aktuallığını və
faydalılığını itirir. Məsələn, mədəniyyətşünaslıq, kitabxanaçılıq,
muzey işi, arxiv işi, teatrşünaslıq kimi ixtisaslar daha çox nəzəri
və konseptual xarakter daşıdığından onların gələcəyi müəyyən mənada
sual altındadır.

Bu ixtisaslar ya praktik yönümlülüyünü artırmalı, əmək
bazarındakı tələbatı gücləndirməli, ya da mövcud vəziyyətlə
üzləşməlidir. Məhz bu amillər nəzərə alınaraq üçüncü ixtisas qrupu
üzrə plan yerlərinin tədricən azaldığı müşahidə olunur. Maraqlı
məqam ondan ibarətdir ki, bu azalma daha çox pedaqoji profilli
ixtisasları əhatə edir”.




Ekspert məsələnin səbəblərinə də aydınlıq gətirib. O qeyd edib
ki, bunun əsas səbəbi uzun illər ərzində universitetlərdə həddindən
artıq pedaqoji kadr hazırlanması və nəticədə əmək bazarında
balansın pozulmasıdır:

“Üstəlik, pedaqoji uyğunluq qaydalarına əsasən, pedaqoji ixtisas
bitirməyən şəxslərin də müəllim kimi fəaliyyət göstərməsi mümkün
olduğundan, bu sahədə əlavə qarışıqlıq yaranır. Məsələn, kimya
ixtisasını bitirən şəxs də kimya müəllimi kimi işləyə bilir ki, bu
da bazarda rəqabəti qeyri-taraz hala gətirir.

Ümumilikdə, ixtisas seçimi plan yerlərindən asılıdır, plan
yerləri isə əmək bazarının real ehtiyaclarını əks etdirir. Bu
baxımdan bəzi ixtisaslar üzrə plan yerlərinin azaldılması zəruri
hesab olunur”.

Elmin Nuri vurğulayıb ki, bütün bunlara baxmayaraq bu ixtisas
qrupunun tamamilə sıradan çıxacağını gözləmək olmaz:

“Bununla belə, üçüncü ixtisas qrupunun tam olaraq aktuallığını
itirəcəyini düşünmürəm. Xüsusilə qadın abituriyentlər arasında bu
ixtisaslara marağın yüksək olması həmin qrupun hələ uzun müddət öz
aktuallığını qoruyacağını deməyə əsas verir”.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir