
Bakı. Trend:
Böyük Britaniya hökuməti İran ətrafında yaranmış gərginlik
səbəbindən bərpa olunan enerji mənbələrinin inkişafını
sürətləndirməyə və ölkənin fosil yanacaqlardan asılılığını
azaltmağa yönəlmiş yeni tədbirlər paketini təqdim etməyə
hazırlaşır.
Trend xəbər verir ki, rəsmi
London elektrik enerjisi tariflərinin qaz qiymətlərindən
asılılığını azaltmaq üçün də addımlar atmağı planlaşdırır.
Gözlənilir ki, Böyük Britaniyanın energetika naziri Ed Miliband
bu günkü çıxışında fosil yanacaq tədarükündən asılılıq dövrünün
sona çatdığını və ölkənin təmiz enerji təhlükəsizliyi modelinə
keçidinin vacibliyini vurğulayacaq.
Hökumətin açıqlamasına əsasən, iyul-sentyabr dövrü üçün qiymət
tavanına yenidən baxılması səbəbindən iyul ayından etibarən ölkədə
məişət elektrik enerjisi tariflərinin yenidən artacağı
proqnozlaşdırılır. Buna səbəb topdansatış qaz qiymətlərinin
yüksəlməsidir. Hazırda bu göstərici İran ətrafındakı gərginlik
başlamazdan əvvəlki səviyyədən təxminən 30 faiz yüksəkdir.
Yeni təşəbbüs çərçivəsində London günəş panelləri və külək
turbinləri də daxil olmaqla bərpa olunan enerji obyektlərinin
dövlət torpaqlarında daha geniş şəkildə yerləşdirilməsini nəzərdə
tutur. Hesablamalara görə, bu addım təxminən 5 milyon evin elektrik
enerjisi ilə təmin olunmasına imkan verəcək.
Bundan başqa, hökumət yeni yaşıl enerji layihələrinin tikintisi
və onların milli elektrik şəbəkəsinə qoşulması prosedurlarını
sadələşdirməyi, həmçinin şirkətlərə elektrik şəbəkəsinə birbaşa
qoşulmaq imkanı yaradacaq mexanizmləri araşdırmağı
planlaşdırır.

