
Bakı. Trend:
Azərbaycan hökumətinin təşəbbüsü ilə həyata keçiriləcək “Bakı
Metropoliteninin Siqnallaşdırmanın Modernləşdirilməsi və
Əməliyyatların Rəqəmsallaşdırılması Layihəsi” çərçivəsində Asiya
İnkişaf Bankı (AİB) tərəfindən erkən bazar müzakirəsi (Early Market
Engagement – EME) tədbiri elan edilib.
Trend bu
barədə AİB-ə istinadən xəbər verir.
Layihə 59447-001 nömrəsi ilə qeydiyyatdan keçib və icraçı qurum
“Bakı Metropoliteni” QSC-dir. Bildiirlib ki, tədbirə maraq göstərən
bütün şirkət və təşkilatlar qatılmaq üçün dəvət olunur.
Tədbir 30 aprel 2026-cı il, saat 14:00–16:00 (Bakı vaxtı)
tarixində onlayn formatda, “Microsoft Teams” platforması üzərindən
keçiriləcək. Görüşdə Asiya İnkişaf Bankı və Asiya İnfrastruktur
İnvestisiya Bankı nümayəndələrinin iştirakı nəzərdə tutulur.
Vurğulanıb ki, layihənin əsas məqsədi Bakı metrosunda
siqnallaşdırma sistemlərinin müasirləşdirilməsi və əməliyyat
proseslərinin rəqəmsallaşdırılmasıdır. İlkin hesablamalara görə,
layihənin ümumi dəyəri təxminən 350 milyon ABŞ dolları təşkil edir.
Maliyyələşdirmənin əsas hissəsinin Asiya İnkişaf Bankı tərəfindən
təmin olunacağı, əlavə olaraq Asiya İnfrastruktur İnvestisiya
Bankının birgə maliyyələşdirməsinin nəzərdən keçirildiyi
bildirilir.
Layihə çərçivəsində aşağıdakı işlərin həyata keçirilməsi
planlaşdırılır:
1. Müasir, o cümlədən CBTC əsaslı qatar idarəetmə
texnologiyalarının tətbiqi ilə siqnallaşdırma sistemlərinin
yenilənməsi;
2. Müasir Əməliyyatlara Nəzarət Mərkəzinin (OCC)
yaradılması;
3. Metro əməliyyatları və aktivlərin idarə olunması üçün
rəqəmsal sistemlərin tətbiqi;
4. Rabitə, monitorinq və kibertəhlükəsizlik sistemlərinin
inteqrasiyası;
5. Mövcud metro infrastrukturunda rəqəmsal həllərin
genişləndirilməsi;
6. Layihə idarəetməsi və texniki nəzarət üzrə məsləhət
xidmətləri.
Qeyd edilib ki, erkən bazar müzakirəsinin keçirilməsində məqsəd
potensial podratçıların, texnologiya təchizatçılarının, sistem
inteqratorlarının və məsləhətçilərin imkanlarını öyrənmək, həmçinin
layihənin texniki yanaşması və satınalma strategiyasını
təkmilləşdirməkdir.
Əlavə edilib ki, tədbirdə iştirak şirkətlərə layihənin ilkin
konsepsiyası ilə tanış olmaq, mümkün satınalma yanaşması və vaxt
qrafiki barədə məlumat əldə etmək, həmçinin beynəlxalq təcrübəyə
əsaslanan rəy və təkliflərini bölüşmək imkanı verəcək.
Qeyd olunub ki, bu tədbirdə iştirak rəsmi tender prosesində
iştirak anlamına gəlmir. Gələcək satınalmalar Asiya İnkişaf Bankı
qaydalarına uyğun həyata keçiriləcək və iştirak üçün ölkə
məhdudiyyəti olmaya bilər.
Tender prosesinə 2026-cı ilin üçüncü rübündə başlanması
gözlənilir.
Tədbirdə iştirak etmək istəyən şirkətlər 23 aprel 2026-cı il,
saat 18:00-dək qeydiyyatdan keçməlidirlər. Qeydiyyatdan keçən iştirakçılara onlayn görüş
linki və əlavə məlumatlar əvvəlcədən təqdim olunacaq.

