
Bakı. Trend:
Ötən gün ölkədə istehsal olunan elektrik enerjisinin 36,5 faizi
bərpa olunan enerji mənbələrinin payına düşüb.
Trend bu
barədə Energetika Nazirliyinə istinadən xəbər verir.
Belə ki, aprelin 20-də ümumilikdə 64,4 milyon kilovat-saat
elektrik enerjisi istehsal edilib ki, bunun 23,5 milyon
kilovat-saatı məhz bərpa olunan mənbələr hesabına təmin olunub.
Elektrik enerjisinin 15,9 milyon kilovat-saatı su elektrik
stansiyalarında, 7,6 milyon kilovat-saatı isə günəş və külək
elektrik stansiyalarında istehsal olunub. Külək və günəş enerjisi
birlikdə ümumi elektrik enerjisi istehsalının 12 faizini təşkil
edib.
Qeyd edək ki, Energetika Nazirliyinin məlumatına görə, 2026-cı
ilin 1-ci rübü üzrə operativ məlumatlara əsasən, Azərbaycanda
elektrik enerjisinin istehsalı 6 milyard 991 milyon kVt·st
olub.
Bu dövrdə istilik elektrik stansiyalarında (İES) 6 milyard 66
milyon kVt·st, su elektrik stansiyalarında (SES) 510,5 milyon
kVt·st, digər mənbələr üzrə isə 414,5 milyon kVt·st, o cümlədən
külək elektrik stansiyalarında 247,7 milyon kVt·st, günəş elektrik
stansiyalarında 91,3 milyon kVt·st, Bərk Məişət Tullantılarının
Yandırılması Zavodunda isə 75,5 milyon kVt·st elektrik enerjisi
istehsal edilib.
Yanvar-mart aylarında 2025-ci ilin müvafiq dövrü ilə müqayisədə
külək elektrik stansiyalarında elektrik enerjisi istehsalı 238,2
milyon kVt·st artıb. Ümumilikdə SES-lər də daxil olmaqla bərpa
olunan enerji mənbələri üzrə elektrik enerjisi istehsalı 925 mln.
kVt·st təşkil edib.
Rüb ərzində elektrik enerjisinin istehsalı “Azərenerji” ASC üzrə
6 milyard 76,8 milyon kVt·st (İES-lərdə 5 milyard 558,6 milyon
kVt·st, SES-lərdə 508,1 milyon kVt·st, GES-lərdə 10,1 milyon
kVt·st), “Azərişıq” ASC üzrə külək elektrik stansiyalarında 7,9
milyon kVt·st, müstəqil elektrik stansiyaları üzrə isə 906,3 milyon
kVt·st təşkil edib.
Hesabat dövründə elektrik enerjisinin ixracı 142,4 milyon
kVt·st, idxalı isə 35,0 milyon kVt·st olub.

