
Bakı.Trend:
İran münaqişəsi nəticəsində 80-dən çox enerji obyekti
zədələnib.
Trend xarici
mediaya istinadən xəbər verir ki, bu barədə Beynəlxalq Enerji
Agentliyinin (BEA) rəhbəri Fatih Birol məlumat verib.
“Yaxın Şərqdə baş verən hücumlar nəticəsində 84 enerji obyekti
zədələnib, onlardan 34-ü ciddi və ya çox ciddi ziyan görüb”, – o,
Türkiyənin Anadolu agentliyinə bildirib.
Onun sözlərinə görə, Hörmüz boğazının bağlanması qlobal
iqtisadiyyatın enerji təhlükəsizliyi üçün ciddi təhlükə
yaradır.
Birol xatırladıb ki, bu boğazdan gündəlik təxminən 13 milyon
barel neft daşınır, halbuki dünya üzrə gündəlik tələbat 100 milyon
barel təşkil edir.
O əlavə edib ki, münaqişə müddətində təbii qazın dünya
bazarlarına tədarükündə itkilər təxminən 100 milyard kubmetr
səviyyəsindədir.
“Hörmüz boğazı dərhal bütün tərəfləri qane edəcək şəkildə açılsa
belə, neft və təbii qaz tədarükünün qısa müddətdə müharibədən
əvvəlki səviyyəyə qayıdacağını gözləmək həddindən artıq nikbinlik
olardı. Bu (zədələnmiş) müəssisələrdə istehsalın normal səviyyəyə
qaytarılması üçün ən azı iki il, bəzi hallarda isə iki ildən də
artıq vaxt tələb oluna bilər”, – BEA rəhbəri bildirib.
Qeyd edək ki, fevralın 28-də ABŞ və İsrail İrana qarşı hərbi
əməliyyatlara başlayıb. Zərbələr ölkənin ən böyük şəhərlərinə, o
cümlədən Tehrana endirilib. Ağ Ev hücumu İslam Respublikasından
qaynaqlanan raket və nüvə təhdidləri ilə əsaslandırıb. İrana
endirilən zərbələr nəticəsində ölkənin ali rəhbəri ayətullah Əli
Xamenei və rəhbərliyin bəzi digər əsas fiqurları həlak olub. İranın
İnqilab Keşikçiləri Korpusu İsrailə qarşı genişmiqyaslı cavab
əməliyyatı həyata keçirdiyini bəyan edib. İran eyni zamanda
ballistik raketlər, qanadlı raketlər və pilotsuz uçuş aparatları
ilə ABŞ-nin Bəhreyn, İordaniya, İraq, Qətər, Küveyt, BƏƏ, Oman,
Səudiyyə Ərəbistanı və Suriyadakı obyektlərini hədəfə alır.
Münaqişə nəticəsində regionun enerji infrastrukturu və dəniz
nəqliyyatı da ciddi risk altına düşüb. Hörmüz boğazı ətrafında
təhlükəsizlik gərginliyi səbəbindən dünya bazarında neft qiymətləri
kəskin artıb.
Aprelin 7-də ABŞ və İran hərbi eskalasiyanın qarşısını almaq və
danışıqlar üçün imkan yaratmaq məqsədilə təxminən iki həftəlik,
müvəqqəti atəşkəs barədə razılığa gəliblər.
11 apreldə ABŞ və İran arasında İslamabadda keçirilən
danışıqlarda razılaşma əldə olunmayıb.

