
Bakı. Trend:
2025-ci ilin sonuna audit olunmuş maliyyə hesabatlarına əsasən,
Kapital Bank 11 milyard 573 milyon 501 min manat dəyərindəki cəmi
aktivləri ilə ölkədə ən böyük banklardan biri olaraq qalır.
Trend xəbər
verir ki, bunu “Kapital Bank”ın İdarə Heyəti sədrinin birinci
müavini Cavid Mirzəyev bu gün təmsil etdiyi bankın 2025-ci ilin
yekunları və 2026-cı ilin fəaliyyət planlarına dair keçirilən
mətbuat konfransında deyib.
“Aktivləri fərqli istiqamətlərdə inkişaf etdirmək üçün qəbul
etdiyimiz strateji qərarlar nəticəsində, müştərilərimizə təklif
olunan xidmətlərin balansını ideal səviyyədə saxlamağa müvəffəq
olmuşuq. İnkişaf dinamikasını kapitalda da görmək mümkündür; belə
ki, 2025-ci il sonu etibarilə cəmi kapitalımızın həcmi ötən illə
müqayisədə artaraq 1 milyard 332 milyon 504 min manata çatıb.
Aktivlərimizin strukturuna daha detallı nəzər salsaq, ən böyük
payın ənənəvi olaraq kredit portfelinə məxsus olduğunu görərik.
Ötən illə müqayisədə kredit portfelimizdə 2.08% artım qeydə alınıb
və ilin sonuna ümumi məbləğ 5 milyard 96 milyon 511 min manat
olaraq Bank aktivlərinin 44%-ni təşkil edib. Bu böyümənin arxasında
duran əsas səbəblər həm müştəri bazamızın, xüsusən pərakəndə və
mikro seqmentdə davamlı artımı, həm də ölkə iqtisadiyyatındakı
ümumi inkişaf meylləridir”, – o qeyd edib.

