Bakı. Trend:
Xəbər verdiyimiz kimi, aprelin 19-da ictimai nəqliyyatda
vəziyyəti qəfil pisləşən şəxs insanların köməkliyi ilə yaxınlıqdakı
Mərkəzi Neftçilər Xəstəxanasına çatdırılıb. Həmin şəxsə elə
xəstəxananın həyətindəcə ilkin tibbi yardım göstərilib və ürəyi
dayanan xəstə yenidən həyata qaytarılıb. Həkimlərin bu cür
peşəkarlıq nümayiş etdirməsi sosial şəbəkə də geniş müzakirə
mövzusuna çevrilib.
Trend xəbər verir
ki, xəstəyə ilkin müdaxiləni Mərkəzi Neftçilər Xəstəxanasının
Ürək-damar Cerrahiyyesi şöbəsinin Reanimasiya və intensiv terapiya
bölməsinin müdiri Gülnarə Şəbiyeva, reanimasiya şöbəsinin həkimi
Salatın Babayeva, eləcə də qəbul şöbəsinin həkimləri Kairə
Yüzbaşıyeva və Könül Mirzəyeva həyata keçiriblər.
Hadisənin təfərrüatları barədə Reanimasiya və intensiv terapiya
bölməsinin müdiri Gülnarə Şəbiyeva və qəbul şöbəsinin həkimi Kairə
Yüzbaşıyeva Trend-ə açıqlama veriblər.
Həkimlərin sözlərinə görə, mavi kod elan edilib və mühafizə
xidməti tərəfindən təcili yardıma məlumat verilib:
“Mavi kod xəstəxanalarda həyati təhlükə yaradan hallarda tətbiq
olunan təhlükəsizlik sistemidir. Xəstə 1964-cü il təvəllüdlüdür, 62
yaşı var. İlkin diaqnoz dəqiqləşdirilməmiş ürək dayanması, ritm
pozğunluğu və ürək çatışmazlığı kimi qiymətləndirildi”.

Həkimlər qeyd ediblər ki, xəstəyə ilkin müdaxilə 38 dəqiqə davam
edib:
“Təcili yardım tərəfindən ilkin müdaxilə xəstəxananın həyətində
aparıldıqdan sonra xəstə qəbul şöbəsinə yerləşdirilib. Bütün
reanimasion tədbirlər görülüb: xəstə intubasiya olunub, qapalı ürək
masajı aparılıb, damar yolu acilib ve venadaxili adrenalin
yeridilib,defibrilyasiya tətbiq edilib. EKQ çəkilib və qanda şəkər
səviyyəsi yoxlanılıb”.
Onların sözlərinə görə, təcrübədə bu cür ağır hallarla demək
olar ki, hər növbədə rastlaşılır və müvafiq müdaxilələr edilir:
“Bəzi hallarda müdaxilə yalnız tibbi heyət tərəfindən aparılır,
bəzi hallarda isə reanimasiya komandası ilə birlikdə mavi kod
sistemi vasitəsilə həyata keçirilir. Xəstənin vəziyyəti
qiymətləndirilərkən onun şüuru, tənəffüsü, periferik nəbzləri
yoxlanılır, qıcıqlara və ağrıya reaksiyası
dəyərləndirilir”.
İlkin müdaxilə ilə xəstəni həyətdəcə həyata qaytaran həkimlər
vurğulayıb ki, cəmiyyət arasında ilkin tibbi yardım biliklərinin
artırılması vacibdir:
“Media vasitəsilə profilaktik və maarifləndirici tibbi
verilişlərin hazırlanması faydalı olardı. Hər bir insan ilkin
yardım göstərməyi bacarmalıdır. Gənclərin bir qismi bu biliklərə
sahibdir və həkimlər də bu bacarıqları öz ailələrində öyrədirlər.
Müasir dövrdə yol tıxacları səbəbindən xəstəni vaxtında xəstəxanaya
çatdırmaq bəzən mümkün olmur, təcili yardım gecikə bilər. Belə
hallarda ətrafdakı insanların ilkin yardım göstərməsi həyati
əhəmiyyət daşıyır”.
Onların sözlərinə görə, həkimlər, əslində qapalı qapılar
arxasında çox ağır və məsuliyyətli iş görürlər, görünən isə bu işin
yalnız kiçik bir hissəsidir.

