
Bakı. Trend:
10 illər boyu mifoloji təsəvvürlərin təsiri altında olan
Ermənistana hazırda qalib dövlət tərəfindən təklif edilən sülh
Vaşinqtonda paraflanıb və bununla bağlı Azərbaycan dövləti əməli
addımlar atır.
Trend xəbər
verir ki, bunu Əqli Mülkiyyət Agentliyinin İdarə Heyətinin sədri
Kamran İmanov bu gün Bakıda “Ümumdünya Kitab və Müəllif Hüququ
Günü” münasibətilə keçirilən “Qədim mətnlər və klassik mənbələr
erməniçilik saxtakarlıqlarını və uydurmalarını ifşa edir və ya
Qədim Turan haqqında və Kiçik Asiya ərazilərində prototürk
qəbilələri və onların Qafqazla əlaqələri” mövzusunda konfransda
çıxışı zamanı bildirib.
Onun sözlərinə görə, tədbirin keçirilməsində məqsəd əqli
mülkiyyətə, xüsusən kitablara və onları qoruyan müəlliflik hüququna
diqqəti cəlb etmək, yaradıcılığa dəstək vermək, əqli mülkiyyət
mədəniyyətini artırmaq və eyni zamanda erməniçilik
saxtakarlıqlarını, uydurmalarını və yalanlarını ifşa etməkdir.
“Biz ümid edirik ki, bununla hay-erməni mifologiyasını
formalaşdıran “böyük torpaqlar və qonşulara qarşı ərazi iddiaları”
ideyası keçmişə çevriləcək, qonşuların mədəni irsinin
mənimsənilməsinə “təbiilik” və “legitimlik” qazandıran yanaşmalar
aradan qalxacaq, erməni siyasətçilərinin, dövlət və kilsə
xadimlərinin, alimlərinin, eləcə də ictimai düşüncəni formalaşdıran
ideoloji baxışları dəyişəcək. Bununla da ermənilərin “müstəsnalıq”
və “əzabkeşlik” kimi tezislərdən irəli gələn ambisiyaları real
olmayan ideyalarla əvəz olunacaq. Təəssüf ki, bu qədim yanaşmaların
izləri bu gün də özünü göstərir”, – o əlavə edib.

