
Bakı. Trend:
Tarixi mənbələrin düzgün təhlili və obyektiv elmi metodologiya
əsasında dəyərləndirilməsi sosial elmlərin əsas prinsiplərindəndir.
Bu yanaşma elmi diskussiyaların və biliklərin dərinləşməsinə xidmət
edir.
Trend xəbər
verir ki, bunu Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə
Müvəkkili (Ombudsman) Səbinə Əliyeva bu gün Bakıda “Ümumdünya Kitab
və Müəllif Hüququ Günü” münasibətilə keçirilən “Qədim mətnlər və
klassik mənbələr erməniçilik saxtakarlıqlarını və uydurmalarını
ifşa edir və ya Qədim Turan haqqında və Kiçik Asiya ərazilərində
prototürk qəbilələri və onların Qafqazla əlaqələri” mövzusunda
konfransda çıxışı zamanı bildirib.
Onun sözlərinə görə, tarixi-mədəni irs xalqın milli kimliyini
formalaşdıran əsas amillərdən biridir və onun qorunması beynəlxalq
hüquqi məsələdir.
“Təəssüf ki, regionda baş verən proseslər nəticəsində xalqımız
zorakılığa və kütləvi köçkünlüyə məruz qalıb. Ötən əsrin
sonlarından etibarən baş verən hərbi hadisələr genişmiqyaslı
humanitar problemlər yaradıb. İşğal dövründə Azərbaycanın mədəni
irs nümunələrinə ciddi ziyan vurulub.
Bu hallar yalnız mədəni irsin deyil, həm də ümumbəşəri
dəyərlərin qorunması baxımından ciddi narahatlıq doğurur. Həmin
ərazilərdə qeyri-maddi mədəni irs nümunələrinin mənimsənilməsi ilə
bağlı problemlər də mövcuddur. Bunların obyektiv qiymətləndirilməsi
elmi yanaşma və beynəlxalq hüquq çərçivəsində həyata
keçirilməlidir.
Prosesin səmərəliliyinə təsir edən əsas problemlərdən biri də
həmin ərazilərdə mövcud olan minalardır ki, bu da bərpa və inkişaf
prosesini müəyyən dərəcədə ləngidir.
Əqli mülkiyyət sahiblərinin hüquqlarının qorunması Ombudsman
olaraq bizim prioritet istiqamətlərimizdəndir. Bu hüquqların
pozulması cəmiyyətin inkişafına da mənfi təsir göstərir. Ermənilər
tərəfindən İslam mədəniyyətinə qarşı vandalizm aktlarının həyata
keçirildiyini mütəmadi olaraq beynəlxalq təşkilatlara və xarici
ölkələrin ombudsmanlarına çatdırmışıq və bunun mənəvi terror kimi
qiymətləndirilməsinin vacibliyini vurğulamışıq.
Əqli mülkiyyət hüquqlarının qorunması istiqamətində obyektivlik,
elmi yanaşma və beynəlxalq hüquq prinsiplərinə riayət olunması
vacibdir”, – deyə o qeyd edib.

