Mərkəzi Banka yeni səlahiyyət verilir

Baş səhifə

Bakı. Trend:

Maliyyə icarəsi fəaliyyəti üzrə tənzimləmə və nəzarət Mərkəzi
Bank tərəfindən həyata keçiriləcək.

Trend-in
məlumatına görə, bu, Milli Məclisin İqtisadi siyasət, sənaye və
sahibkarlıq komitəsinin bugünkü iclasında müzakirə olunan “Maliyyə
icarəsi haqqında” qanun layihəsində öz əksini tapıb.

Qanun layihəsinə əsasən, Azərbaycan Respublikasında dövlət
qeydiyyatına alınmış hüquqi şəxs və ya xarici hüquqi şəxsin yerli
filialı maliyyə icarəsi fəaliyyətini Mərkəzi Bank tərəfindən
aparılan maliyyə icarəsi verənlərin reyestrinə (bundan sonra –
reyestr) daxil edildikdən sonra həyata keçirə biləcək. Reyestrə
daxil edilmə üçün “Dövlət rüsumu haqqında” Qanunla müəyyən edilmiş
məbləğdə dövlət rüsumu ödəniləcək.

Maliyyə icarəsi fəaliyyətini həyata keçirən hüquqi şəxs minimum
nizamnamə kapitalına və öz vəsaitlərinə (xarici hüquqi şəxsin yerli
filialı həmin vəsaitlərə bərabər tutulmuş vəsaitlərə) malik
olmalıdır. Maliyyə icarəsi fəaliyyətini həyata keçirən hüquqi
şəxsin nizamnamə kapitalının (xarici hüquqi şəxsin yerli filialının
nizamnamə kapitalına bərabər tutulmuş vəsaitlərinin) minimum
məbləği və formalaşdırılması, habelə öz vəsaitlərinin (xarici
hüquqi şəxsin yerli filialının həmin vəsaitlərə bərabər tutulmuş
vəsaitlərinin) hesablanması qaydası, strukturu və tərkibi Mərkəzi
Bank tərəfindən müəyyən ediləcək.

İcarəyə verənlə aidiyyəti olan şəxslər arasında əqdlərin
bağlanılması Mülki Məcəllə ilə tənzimlənəcək. Bir və bütün
aidiyyəti şəxslərlə bağlanılan maliyyə icarəsi müqavilələrinin
maksimum məbləği və həmin şəxslərlə aparılan əməliyyatlara dair
tələblər Mərkəzi Bank tərəfindən müəyyən ediləcək.

İcarəyə verən bir icarəçi və ya bir-biri ilə əlaqədar icarəçilər
qrupu üçün Mərkəzi Bank tərəfindən müəyyən edilən kredit
risklərinin maksimum miqdarına dair tələblərə əməl etməlidir.

İcarəyə verən maliyyə icarəsi fəaliyyəti ilə bağlı həyata
keçirdiyi əməliyyatlar, risklərin idarə olunması və maliyyə icarəsi
fəaliyyəti üzərində nəzarətə dair daxili qaydalara malik
olmalıdır.

İcarəyə verənlər hər bir icarəçi haqqında məlumatı Mərkəzi
Bankın müəyyən etdiyi qaydada Mərkəzi Bankda yaradılan
mərkəzləşdirilmiş kredit reyestrinə, habelə “Kredit büroları
haqqında” Qanuna əsasən fəaliyyətdə olan azı bir kredit bürosuna
təqdim etməlidirlər.




İcarəyə verən maliyyə icarəsi fəaliyyətindən başqa qanunla
qadağan edilməyən digər fəaliyyətlə də məşğul ola bilər.

Bu Qanun dərc olunduğu gündən 6 ay sonra qüvvəyə minəcək.

Qeyd edək ki, yeni Qanunda milli qanunvericilikdə istifadə
olunan “lizinq” termini (anlayışı)
maliyyə icarəsi” termini (anlayışı) ilə əvəz
ediləcək (adlandırılacaq).

Belə ki, maliyyə icarəsi maliyyə icarəsi verən
tərəfindən maliyyə icarəsi obyektinin maliyyə icarəsi alanın
sahibliyinə və istifadəsinə verilməsini nəzərdə tutan və aşağıdakı
meyarlardan bir və ya bir neçəsinə cavab verən icarə hesab
ediləcək:

  • maliyyə icarəsi müqaviləsində maliyyə icarəsi müddəti
    qurtardıqdan sonra maliyyə icarəsi obyektinin maliyyə icarəsi
    alanın mülkiyyətinə verilməsi, yaxud maliyyə icarəsi müddəti
    qurtardıqdan sonra maliyyə icarəsi alanın maliyyə icarəsi obyektini
    müəyyən edilmiş və ya əvvəlcədən güman edilən qiymətə almaq hüququ
    müəyyən edilib;
  • maliyyə icarəsi müddəti maliyyə icarəsi obyektinin istismar
    müddətinin 75 faizindən artıqdır;
  • maliyyə icarəsi müddəti qurtardıqdan sonra maliyyə icarəsi
    obyektinin qalıq dəyəri maliyyə icarəsinin əvvəlinə onun bazar
    qiymətinin 20 faizindən azdır;
  • maliyyə icarəsi müddəti ərzində ödəniləcək maliyyə icarəsi
    ödənişlərinin məbləği maliyyə icarəsi obyektinin maliyyə icarəsinin
    əvvəlinə olan bazar qiymətinin azı 90 faizinə bərabər və ya ondan
    artıqdır;

Geriyə maliyyə icarəsi maliyyə icarəsi
müqaviləsinə görə maliyyə icarəsi obyektinin satıcısı qismində
maliyyə icarəsi alanın özünün olduğu və maliyyə icarəsi
müqaviləsinin müddəti bitdikdən sonra maliyyə icarəsi alanın
maliyyə icarəsi obyekti üzərində mülkiyyət hüququnu əldə etmək
öhdəliyini şərtləndirən maliyyə icarəsi hesab ediləcək.

Maliyyə icarəsi fəaliyyəti maliyyə icarəsi
verənin öz vəsaiti və (və ya) cəlb edilmiş vəsait hesabına maliyyə
icarəsi obyektinin maliyyə icarəsinə verilməsi ilə bağlı
sahibkarlıq fəaliyyəti hesab ediləcək.

Maliyyə icarəsi alan (icarəçi) maliyyə icarəsi
müqaviləsinə əsasən maliyyə icarəsi ödənişləri müqabilində, müəyyən
müddətə və müvafiq şərtlərlə maliyyə icarəsi obyektini sahibliyə və
istifadəyə qəbul edən hüquqi şəxs və ya hüquqi şəxs yaratmadan
sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxs hesab
ediləcək.

Maliyyə icarəsi verən (icarəyə verən) maliyyə
icarəsi müqaviləsinin şərtlərinə əsasən satıcıdan əldə etdiyi
maliyyə icarəsi obyektini maliyyə icarəsi ödənişləri müqabilində
icarəçinin sahibliyinə və istifadəsinə verən kommersiya hüquqi
şəxsi və ya xarici kommersiya hüquqi şəxsinin yerli filialı hesab
ediləcək.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir