
Bakı. Trend:
Azərbaycanda lizinq fəaliyyətini həyata keçirən şəxslər reyestrə
daxil edilmək üçün Mərkəzi Banka müraciət etməlidirlər.
Trend-in
məlumatına görə, bu, Milli Məclisin İqtisadi siyasət, sənaye və
sahibkarlıq komitəsinin bugünkü iclasında müzakirə olunan “Maliyyə
icarəsi haqqında” qanun layihəsində öz əksini tapıb.
Qanun layihəsinə əsasən, bu Qanun qüvvəyə mindiyi tarixdən 9 ay
müddətində Azərbaycan Respublikasının ərazisində lizinq
fəaliyyətini həyata keçirən (o cümlədən hazırda lizinq fəaliyyətini
normativ hüquqi aktlara müvafiq olaraq dayandırmış) şəxslər öz
fəaliyyətini bu Qanunun tələblərinə uyğunlaşdırmalı və reyestrə
daxil edilmək üçün Mərkəzi Banka müraciət etməlidirlər.
Həmin müddətdə bu Qanunun tələblərinə əməl etməyən şəxslər yeni
maliyyə icarəsi müqavilələri bağlamamalı, mövcud lizinq
müqavilələrinin müddətinin uzadılmasına yol verməməli və firma
adında “maliyyə icarəsi”, “maliyyə lizinqi”, “lizinq” sözləri və ya
bu sözlərdən ibarət söz birləşməsi olduğu halda, həmin sözlərin
adından çıxarılması üçün normativ hüquqi aktlara uyğun olaraq
tədbirlər görməlidirlər.
Bu Qanun dərc olunduğu gündən 6 ay sonra qüvvəyə minəcək.
Qeyd edək ki, yeni Qanunda milli qanunvericilikdə istifadə
olunan “lizinq” termini (anlayışı)
“maliyyə icarəsi” termini (anlayışı) ilə əvəz
ediləcək (adlandırılacaq).
Belə ki, maliyyə icarəsi maliyyə icarəsi verən
tərəfindən maliyyə icarəsi obyektinin maliyyə icarəsi alanın
sahibliyinə və istifadəsinə verilməsini nəzərdə tutan və aşağıdakı
meyarlardan bir və ya bir neçəsinə cavab verən icarə hesab
ediləcək:
- maliyyə icarəsi müqaviləsində maliyyə icarəsi müddəti
qurtardıqdan sonra maliyyə icarəsi obyektinin maliyyə icarəsi
alanın mülkiyyətinə verilməsi, yaxud maliyyə icarəsi müddəti
qurtardıqdan sonra maliyyə icarəsi alanın maliyyə icarəsi obyektini
müəyyən edilmiş və ya əvvəlcədən güman edilən qiymətə almaq hüququ
müəyyən edilib; - maliyyə icarəsi müddəti maliyyə icarəsi obyektinin istismar
müddətinin 75 faizindən artıqdır; - maliyyə icarəsi müddəti qurtardıqdan sonra maliyyə icarəsi
obyektinin qalıq dəyəri maliyyə icarəsinin əvvəlinə onun bazar
qiymətinin 20 faizindən azdır; - maliyyə icarəsi müddəti ərzində ödəniləcək maliyyə icarəsi
ödənişlərinin məbləği maliyyə icarəsi obyektinin maliyyə icarəsinin
əvvəlinə olan bazar qiymətinin azı 90 faizinə bərabər və ya ondan
artıqdır;
Geriyə maliyyə icarəsi maliyyə icarəsi
müqaviləsinə görə maliyyə icarəsi obyektinin satıcısı qismində
maliyyə icarəsi alanın özünün olduğu və maliyyə icarəsi
müqaviləsinin müddəti bitdikdən sonra maliyyə icarəsi alanın
maliyyə icarəsi obyekti üzərində mülkiyyət hüququnu əldə etmək
öhdəliyini şərtləndirən maliyyə icarəsi hesab ediləcək.
Maliyyə icarəsi fəaliyyəti maliyyə icarəsi
verənin öz vəsaiti və (və ya) cəlb edilmiş vəsait hesabına maliyyə
icarəsi obyektinin maliyyə icarəsinə verilməsi ilə bağlı
sahibkarlıq fəaliyyəti hesab ediləcək.
Maliyyə icarəsi alan (icarəçi) maliyyə icarəsi
müqaviləsinə əsasən maliyyə icarəsi ödənişləri müqabilində, müəyyən
müddətə və müvafiq şərtlərlə maliyyə icarəsi obyektini sahibliyə və
istifadəyə qəbul edən hüquqi şəxs və ya hüquqi şəxs yaratmadan
sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxs hesab
ediləcək.
Maliyyə icarəsi verən (icarəyə verən) maliyyə
icarəsi müqaviləsinin şərtlərinə əsasən satıcıdan əldə etdiyi
maliyyə icarəsi obyektini maliyyə icarəsi ödənişləri müqabilində
icarəçinin sahibliyinə və istifadəsinə verən kommersiya hüquqi
şəxsi və ya xarici kommersiya hüquqi şəxsinin yerli filialı hesab
ediləcək.

