
Bakı. Trend:
Bu gün İran sularını pozaraq Hörmüz boğazından gizli şəkildə
keçməyə cəhd edən iki gəmi İran İslam İnqilabı Keşikçilər Korpusu
(SEPAH) tərəfindən saxlanılıb və İran sularına geri qaytarılıb.
Trend xəbər
verir ki, bu barədə İran İslam İnqilabı Keşikçilər Korpusu (SEPAH)
məlumat yayıb.
Məlumata görə, İsrailə məxsus “MSC-FRANCESCA” və “EPAMINODES”
İran İslam İnqilabı Keşikçilər Korpusunun Dəniz Donanmasının
dəfələrlə xəbərdarlıq etməsinə baxmayaraq gizli şəkildə Hörmüz
boğazından keçməyə cəhd edib. SEPAH-ın Hərbi Dəniz Donanması
sözügedən gəmiləri ələ keçirib. Hazırda bu gəmilər sənədlərin
araşdırılması məqsədilə İran sularına yönəldilib.
“Bir daha bildirilir ki, Hörmüz boğazından keçmək və bu strateji
yoldan təhlükəsiz keçidə zidd hər hansı fəaliyyət üzrə İran
qanunları SEPAH Hərbi Dəniz Donanması tərəfindən davamlı şəkildə
tətbiq olunur və qanunları pozanlar haqda qanun çərçivəsində tədbir
görüləcək”, – SEPAH bildirib.
Qeyd edək ki, ABŞ və İran arasında nüvə proqramı ilə əlaqədar
konkret nəticələr əldə olunmadığına görə, 28 fevralda ABŞ və
İsrailin İrana qarşı hərbi hava hücumlara başlayıb və İran da həmin
gündən İsraili və ABŞ-nin regiondakı obyektlərini raket və PUA ilə
atəşə tutub. Pakistanın vasitəçiliyi ilə tərəflər arasında 7
apreldə 2 həftəlik atəşkəs razılaşması əldə olunub. 11 apreldə ABŞ
və İran arasında İslamabadda keçirilən danışıqlarda razılaşma əldə
olunmayıb.
Əlavə edək ki, 21 apreldə ABŞ prezidenti Donald Tramp İran
təklifini təqdim edənə və danışıqlar bu və ya digər şəkildə başa
çatana qədər atəşkəsi uzatdığını bildirib.
Xatırladaq ki, ABŞ 13 apreldən İrana limanlarına dəniz blokadası
tətbiq edib. Buna cavab olaraq İran 18 apreldən Hörmüz boğazından
keçən gəmilərə ciddi şəkildə məhdudiyyət tətbiq edib.

