30 il əvvəl Bakıda törədilmiş qətlin üstü açılıb

Baş səhifə

Bakı. Trend:

30 il əvvəl Bakıda törədilmiş qətlin üstü açılıb.

Trend xəbər
verir ki, Baş Prokurorluq və Daxili İşlər Nazirliyi bu barədə birgə
məlumat yayıblar.

Bildirilib ki, Bayramov Gülməmməd Xanəhməd oğlunun 10 aprel
1996-cı il tarixdə yaşadığı evdən çıxaraq geri qayıtmaması faktı
üzrə 12 iyun 1997-ci il tarixdə başlanmış cinayət işinin istintaqı
Azərbaycan Respublikası Baş Prokurorluğunun İstintaq idarəsində
davam etdirilib.

Baş Prokurorluq və Daxili İşlər Nazirliyinin əməkdaşları
tərəfindən həyata keçirilmiş çoxsaylı istintaq və əməliyyat-axtarış
tədbirləri nəticəsində Cəlilov Şahin Mahmud oğlu və Qafarov Hidayət
Şirzad oğlunun qabaqcadan əlbir olan bir qrup şəxs halında
quldurluq basqını edərək tamah niyyəti və başqa cinayəti gizlətmək
məqsədi ilə Gülməmməd Bayramovu qəsdən öldürmələrinə əsaslı
şübhələr müəyyən edilib.

Araşdırmalarla müəyyən olunub ki, Ş.Cəlilov və H.Qafarov
qabaqcadan əlbir olaraq bir qrup şəxs halında birləşib, 10 aprel
1996-cı il tarixdə Bakı şəhəri “Neftçilər” metrostansiyası
yaxınlığında asudə vaxtlarında taksi fəaliyyəti ilə məşğul olan
Gülməmməd Bayramova müştəri kimi yaxınlaşıblar. Onlar Suraxanı
rayonu, Qara-Çuxur qəsəbəsinə gedərkən avtomobildə zərərçəkmişi
iplə boğaraq tamah məqsədi ilə qəsdən öldürüblər.




Daha sonra onlar cinayətin izlərini gizlətmək məqsədilə meyiti
Qara-Çuxur qəsəbəsində beton örtüklü boru xəttinin içərisində
gizlədiblər və zərərçəkmişə məxsus avtomobili isə hissələrə
ayıraraq sataraq əldə etdikləri vəsaiti aralarında
bölüşdürüblər.

Şübhəli şəxslərin ifadələri yerində yoxlanılarkən Fövqəladə
Hallar Nazirliyinin əməkdaşlarının iştirakı ilə aparılmış axtarış
tədbirləri nəticəsində hadisə yerində Gülməmməd Bayramovun
meyitinin qalıqları aşkar olunub.

22 aprel 2026-cı il tarixdə Şahin Cəlilov və Hidayət Qafarov
Azərbaycan Respublikasının 1 sentyabr 2000-ci ilədək qüvvədə olmuş
Cinayət Məcəlləsinin müvafiq maddələri ilə təqsirləndirilən şəxs
qismində cəlb olunaraq onlara ittiham elan edilib, istintaq
orqanının vəsatəti və prokurorun təqdimatı əsasında Bakı şəhəri
Binəqədi Rayon Məhkəməsinin qərarları ilə hər iki şəxs barəsində
həbs qətimkan tədbiri seçilib.

Hazırda cinayət işi üzrə ibtidai istintaq davam etdirilir.

Əvvəlki illərdən bağlı qalmış cinayətlərin açılması daim diqqət
mərkəzində saxlanılmaqla bu istiqamətdə aidiyyəti dövlət orqanları
ilə birgə tədbirlər davam etdirilir.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir