Sahibə Qafarova Latviya Prezidenti ilə görüşüb (FOTO)

Baş səhifə

Bakı. Trend:

Aprelin 22-də ölkəmizdə rəsmi səfərdə olan Latviya
Respublikasının Prezidenti Edqars Rinkeviçsin başçılıq etdiyi
nümayəndə heyəti Milli Məclisdə olub. Qonaqları Milli Məclisin
sədri Sahibə Qafarova qarşılayıb.

Bu barədə Trend-ə Milli Məclisin Mətbuat və ictimaiyyətlə
əlaqələr şöbəsindən məlumat verilib.

Bildirilib ki, Latviya Prezidenti əvvəlcə Milli Məclisin plenar
iclas zalı ilə tanış olub. Ulu Öndər Heydər Əliyevin adını daşıyan
xatirə zalına gələn qonaqlar burada Azərbaycan xalqının Ümummilli
Lideri Heydər Əliyevin həyatının və siyasi fəaliyyətinin müxtəlif
dövrlərini əks etdirən eksponatlara baxıblar. Latviya
Respublikasının Prezidenti Edqars Rinkeviçs buradakı Xatirə
kitabına ürək sözlərini yazıb.

Sonra tərəflər arasında geniş tərkibdə görüş keçirilib.

Qonağın bu vəzifədə Azərbaycana ilk səfəri olduğunu vurğulayan
spiker ümidvar olduğunu bildirib ki, səfər çərçivəsində keçiriləcək
görüşlər və aparılacaq müzakirələr ikitərəfli əlaqələrin
inkişafında yeni səhifə açacaq və onların inkişafına güclü təkan
verəcək.

İkitərəfli əlaqələrin inkişafı üçün yüksək səviyyəli qarşılıqlı
səfərlərin və müntəzəm siyasi dialoqun vacibliyini qeyd edən spiker
bu baxımdan ölkə başçılarının qarşılıqlı səfərlərinin və müxtəlif
tədbirlərdə mütəmadi görüşlərinin qarşılıqlı maraq doğuran
məsələlərin müzakirəsi üçün yaxşı imkanlar yaratdığını
vurğulayıb.

2022-ci ildə Latviyaya rəsmi səfərini xatırlayan Milli Məclisin
sədri həmin səfərin nəticələrindən və keçiridyi görüşlərdən
məmnunluqla danışıb.

İki ölkənin parlamentlərarası münasibətlərinə toxunan Milli
Məclisin sədri qeyd edib ki, bu sahədə sıx əməkdaşlıq qurulub. Bu
əməkdaşlıqda qarşılıqlı səfərlərin və parlament dostluq qruplarının
xüsusi rolu var.

Spiker Sahibə Qafarova 2021-ci ildə Latviya parlamentinin
dostluq qrupu üzvlərinin işğaldan azad edilmiş Ağdam və Füzuli
şəhərlərinə, 2024-cü ildə isə Seymin sabiq sədri xanım Dayqa
Mierinyanın Azərbaycana rəsmi səfəri zamanı işğaldan azad olunmuş
Füzuli və Şuşa şəhərlərinə də səfər etməsini məmnunluqla qeyd
edib.

Milli Məclisin sədri bildirib ki, parlamentlərimiz arasında sıx
əməkdaşlıq mövcuddur və parlament əməkdaşlığımızın intensivliyi
kifayət qədər məmnuniyyətvericidir. Bildirilib ki, parlamentlərin
həm ikitərəfli qaydada, həm də beynəlxalq təşkilatlar çərçivəsində
qarşılıqlı fəaliyyəti həm ölkələr arasında əlaqələrin inkişafına,
həm də sülh, sabitlik, davamlı inkişaf naminə əməkdaşlığa müsbət
təsir göstərə bilər.

Söhbət zamanı Milli Məclisin sədri qonağa Azərbaycan və
Ermənistan arasında normallaşma prosesi, Azərbaycanın müstəqillik
və parlamentarizm tarixi, parlamentin strukturu və fəaliyyəti
barədə ətraflı məlumat verib.

Milli Məclisdə olmaqdan məmnunluğunu bildirən Latviya
Respublikasının Prezidenti Edqars Rinkeviçs səfər çərçivəsində
Prezident İlham Əliyevlə görüşü və apardığı müzakirələr barədə
təəssüratlarını bölüşüb. O, Azərbaycanı həm Latviya, həm də Avropa
İttifaqı üçün dəyərli strateji tərəfdaş ölkə hesab etdiklərini
diqqətə çatdırıb. Qonaq Azərbaycanla Ermənistan arasında sülh
prosesində əldə olunmuş nailiyyətləri dəstəklədiklərini, real
irəliləyişin əldə olunmasından məmnun olduqlarını bildirib. Latviya
Prezidenti Prezident İlham Əliyevin bu sülh prosesindəki böyük
səylərini qeyd edib və bildirib ki, sizin də bu sülh prosesi barədə
parlament olaraq münasibətinizi öyrənmək məmnunluq doğurur.

Azərbaycana bu səfəri zamanı müzakirə olunmuş məsələlərin və
imzalanmış sənədlərin əhəmiyyətindən danışan Latviyanın dövlət
başçısı tezliklə bu sənədlərin və əldə edilmiş razılaşmaların öz
bəhrəsini verəcəyinə əminliyini ifadə edib. Latviya Prezidenti
parlamentlərarası əlaqələrin mühümlüyünü vurğulayaraq, bu baxımdan
parlament üzvləri, parlamentlərarası əlaqələr üzrə işçi qrupları
arasında mütəmadi səfərlərin və təcrübə mübadiləsinin
əhəmiyyətindən danışıb. O, iki ölkə arasında iqtisadi, təhsil,
investisiya, informasiya texnologiyaları, kənd təfərrüfatı, turizm
və digər sahələrdə münasibətlərin inkişaf perspektivləri barədə
fikirlərini bölüşüb.

Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında da
fikir mübadiləsi aparılıb.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir