
Bakı. Trend:
Bu ilin yanvar-mart aylarında Azərbaycanla Gürcüstan arasında
ticarət əməliyyatlarının həcmi 264,7 milyon ABŞ dolları təşkil
edib.
Trend bu
barədə Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir.
Məlumata əsasən, bu, 2025-ci ilin eyni dövründəki göstərici ilə
müqayisədə 59,3 milyon ABŞ dolları və ya 28,9% çoxdur.
Hesabat dövründə Gürcüstan ilə ticarət dövriyyəsi Azərbaycanın
ümumi ticarət dövriyyəsinin 2,81%-i həcmində olub. Bununla da
Gürcüstan dövr ərzində Azərbaycanın ən çox ticarət əməliyyatı
apardığı ölkələr siyahısında 7-ci pillədə qərarlaşıb.
Bu ilin yanvar-mart aylarında Azərbaycandan Gürcüstana 235
milyon dollarlıq məhsul ixracı qeydə alınıb. Bu, ötən ilin eyni
dövrü ilə müqayisədə 54,3 milyon ABŞ dolları və ya təqribən 30%
çoxdur.
Dövr ərzində Azərbaycandan Gürcüstana ixrac əməliyyatlarının
120,7 milyon dollarlıq hissəsini qeyri-neft məhsulları təşkil edib.
Azərbaycanın qeyri-neft məhsullarının ümumi ixracında Gürcüstan 14%
payla 3-cü yerdə qərarlaşıb. Gürcüstana qeyri-neft məhsullarının
ixracı ötən ilin ilk üç ayındakı göstərici ilə müqayisədə 40,1
milyon ABŞ dolları və ya 49,7% artıb.
Hesabat dövründə Azərbaycan Gürcüstandan 29,7 milyon ABŞ dolları
dəyərində idxal əməliyyatları həyata keçirib ki, bu da 2025-ci ilin
eyni dövrü ilə müqayisədə 5,1 milyon ABŞ dolları və ya 20,7% artım
deməkdir.
Qeyd edək ki, bu ilin yanvar-mart aylarında Azərbaycan xarici
ölkələrlə 9,407 milyard ABŞ dolları dəyərində ticarət əməliyyatı
aparıb. Bu, ötən ilin eyni dövrünə nisbətən 2,642 milyard dollar və
ya 21,9% azdır.
Xarici ticarət dövriyyəsinin 5,402 milyard ABŞ dolları ixracın,
4,005 milyard ABŞ dolları isə idxalın payına düşüb. Son 1 ildə
ixrac 984 milyon dollar və ya 15,4%, idxal isə 1,658 milyard dollar
və ya 29,3% azalıb.
Yekunda xarici ticarətdə 1,398 milyard dollarlıq müsbət saldo
yaranıb ki, bu da illik müqayisədə 675 milyon dollar və ya 1,9 dəfə
çoxdur.

