
Bakı. Trend:
Böyük Britaniyada siqaretsiz nəsil barədə antitütün qanunu qəbul
edilib. Yaxın zamanda ölkədə mağazalara 1 yanvar 2009-cu il və o
tarixdən sonra doğulan şəxslərə tütün məmulatlarının satışı qadağan
ediləcək.
Trend bu barədə
xarici mediaya istinadən xəbər verir.
Böyük Britaniya 1 yanvar 2009-cu il və ya daha sonra doğulan hər
kəsə tütün məhsullarının satışını ömürlük qadağan edən qanun
layihəsini təsdiqləyib.
Bu şəxslər üçün siqaret, elektron siqaret (veyplər) və
qızdırılan tütün məhsullarının alınmasına ömürlük qadağa tətbiq
olunur.
Yeni siyasətə əsasən, tütün məmulatlarının satışına icazə
verilən minimum yaş hər il bir yaş artırılacaq ki, bu da faktiki
olaraq daha gənc nəsillər üçün bazarı həmişəlik bağlayır.
Böyük Britaniya hökuməti bunu siqaretdən azad nəsil
formalaşdırmaq yolunda “əlamətdar addım” adlandırıb. Sənəddə bir
sıra tədbirlər nəzərdə tutulur, o cümlədən uşaqlar olan
avtomobillərdə, uşaq meydançalarında və məktəblərin yaxınlığında
veyp istifadəsinin qadağan edilməsi — bu, gəncləri passiv siqaret
çəkmə və veyp təsirindən qorumağa yönəlib.
Siqaret çəkmə dünyada ölüm və əlilliyin əsas səbəblərindən biri
olaraq qalır: Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, bu
vərdiş hər il 7 milyondan çox insanın ölümünə səbəb olur.
Avropa ölkələrinin hökumətləri son illərdə gənclər arasında
siqaret çəkmə səviyyəsini azaltmaq məqsədi daşıyan daha geniş
strategiya çərçivəsində tütün və nikotin məhsulları üzərində
nəzarəti sərtləşdirirlər.
Belçika və Latviya 2025-ci ilin yanvarında birdəfəlik veyplərin
satışını qadağan ediblər. Buna səbəb kimi onların gənclər üçün
cəlbedici olması və ətraf mühitə mənfi təsiri göstərilib.
Eyni zamanda İspaniya və Fransa ötən il ictimai yerlərdə açıq
havada siqaret çəkməni məhdudlaşdıran yeni qaydalar qəbul
ediblər.

