PAŞA Bank IPO çərçivəsində investorlarla görüş keçirib

Baş səhifə

Bakı. Trend:

PAŞA Bank səhmlərinin İlkin Kütləvi Təklifi (IPO) çərçivəsində
investorlar və bazar iştirakçıları ilə görüş keçirib.

Görüşdə PAŞA Bank-ın İdarə Heyətinin sədrinin müavini Bəhruz
Nağıyev, PAŞA Bank-ın baş maliyyə inzibatçısı Murad Süleymanov, EY
şirkətinin Azərbaycan üzrə idarəedici partnyoru İlqar Vəliyev,
Milli Depozit Mərkəzinin İdarə Heyətinin sədri Elçin Əlizadə, Bakı
Fond Birjasının İdarə Heyətinin sədri Ruslan Xəlilov və PAŞA
Kapital-ın baş əməliyyat inzibatçısı Elnur Fətullayev iştirak
ediblər.

23 aprel 2026-cı il tarixində baş tutan tədbir zamanı Nağıyev
bildirib ki, IPO investorlar üçün yeni imkanlar yaradır və bazarda
şəffaflığı artırır.

“İctimai bazara çıxış korporativ idarəetmə standartlarımızın
daha da möhkəmlənməsinə və investorlarla münasibətlərin yeni
mərhələyə keçməsinə şərait yaradır. Biz uzunmüddətli dəyər
yaratmağa fokuslanaraq bütün maraqlı tərəflər üçün davamlı inkişaf
təmin etməyi hədəfləyirik,”- deyə, Nağıyev qeyd edib.




Tədbir çərçivəsində keçirilən panel müzakirəsində IPO-nun
kapital bazarına təsiri, infrastrukturun hazırlıq səviyyəsi və
investorlar üçün açılan imkanlar müzakirə olunub. Eyni zamanda,
abunə kampaniyasının gedişi, rəqəmsal kanalların hazırlığı, xarici
investorların cəlb olunması, hesablaşma və uçot sistemlərinin
inkişafı, eləcə də bazarın gələcək perspektivləri diqqət mərkəzində
olub.

PAŞA Bank 13 aprel 2026-cı il tarixində IPO çərçivəsində
səhmlərinin abunə yazılışına start verdi. Abunə yazılışı 12 may
2026-cı il tarixinədək davam edəcək. Bank kapitalının 5%-ni təşkil
edən 932,926 ədəd adi, adlı səhm investorlara təqdim olunur. Səhmin
ilkin yerləşdirmə qiyməti 55 AZN olaraq müəyyən edilib, minimal
alış 1 səhmdir və maksimum limit tətbiq edilmir. Abunə dövründə
əvvəlcədən ödənilmiş məbləğlərə illik 5% faiz gəliri hesablanır.
Səhmlərin yerləşdirilməsi Bakı Fond Birjası vasitəsilə həyata
keçirilir.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir