
Bakı. Trend:
ABŞ-İsrailin hərbi əməliyyatları çərçivəsində İranın Xəzər
dənizi sahilində yerləşən Bəndər-Ənzəli limanına edilən hücumlar,
Xəzəryanı regionda sülhə və ticarət əməkdaşlığına təhlükə yaradır,
həmçinin bu, su hövzəsinin ekoloji vəziyyətinə zərər vurur.
Trend xarici
mediaya istinadən xəbər verir ki, bu barədə İranın Qazaxıstandakı
səfiri Əli Əkbər Coukar bildirib.
“Əfsuslar olsun ki, hərbi hücum nəticəsində İranın Xəzər dənizi
sahilində yerləşən limanları da, o cümlədən liman infrastrukturu
hədəfə alınıb. Ənzəlidə infrastruktur və ticarət gəmiləri qanunsuz
və heç bir əsası olmayan hərbi hücumlara məruz qalıb. Bu addımlar
təkcə Xəzər regionunda sülh və sabitliyi təhlükə altına qoymur, həm
də ciddi ekoloji və humanitar nəticələr doğura bilər, eləcə də
Xəzəryanı dövlətlər arasında ticarət və iqtisadi əməkdaşlığı poza
bilər”, – o, Astanada keçirilən Regional Ekoloji Sammit
çərçivəsində Xəzər məsələlərinə həsr olunmuş sessiyada çıxışı
zamanı deyib.
Qeyd edək ki, ABŞ və İran arasında nüvə proqramı ilə əlaqədar
konkret nəticələr əldə olunmadığına görə, 28 fevralda ABŞ və
İsrailin İrana qarşı hərbi hava hücumlara başlayıb və İran da həmin
gündən İsraili və ABŞ-nin regiondakı obyektlərini raket və PUA ilə
atəşə tutub. Pakistanın vasitəçiliyi ilə tərəflər arasında 7
apreldə 2 həftəlik atəşkəs razılaşması əldə olunub.
Əlavə edək ki, 21 apreldə ABŞ prezidenti Donald Tramp İran
təklifini təqdim edənə və danışıqlar bu və ya digər şəkildə başa
çatana qədər atəşkəsi uzatdığını bildirib. Bununla belə İrana qarşı
tətbiq olunan dəniz blokadası qüvvədə saxlanılıb.

