Azərbaycan–Latviya münasibətləri strateji xətt üzrə inkişaf edir – RƏY

Baş səhifə

Bakı. Trend:

Latviya Respublikasının Prezidenti Edqars Rinkeviçsin 22 aprel
2026-cı il tarixində Azərbaycana rəsmi səfəri və Prezident İlham
Əliyevlə mətbuata birgə bəyanatı Azərbaycan–Latviya
münasibətlərinin inkişafında mühüm mərhələ kimi
qiymətləndirilməlidir.

Bu sözləri Trend-ə açıqlamasında Milli Məclisin deputatı Afət
Həsənova deyib.

Deputat bildirib ki, bu səfər bir daha göstərdi ki, ölkələrimiz
arasında əlaqələr möhkəm hüquqi baza və qarşılıqlı etimada
əsaslanır:

“Doqquz il əvvəl ölkələrimiz arasında imzalanmış Strateji
Tərəfdaşlıq haqqında Bəyannamə bu münasibətlərin əsasını təşkil
edir və bu gün həmin sənəd real məzmunla zənginləşdirilir.
İkitərəfli gündəliyin həm təkbətək, həm də nümayəndə heyətlərinin
iştirakı ilə geniş müzakirə olunması əməkdaşlığın sistemli və
ardıcıl xarakter daşıdığını göstərir”.

Deputat bildirib ki, bir həftə əvvəl Qarabağda – Şuşada
keçirilmiş Birgə Hökumətlərarası Komissiyanın iclası xüsusi
əhəmiyyət kəsb edir:

“Bu fakt Azərbaycanın post-münaqişə dövründə regional əməkdaşlıq
və iqtisadi reinteqrasiya siyasətinin beynəlxalq tərəfdaşlar
tərəfindən dəstəkləndiyini nümayiş etdirir. Bakıda keçirilən
biznes-forum isə iqtisadi münasibətlərin yeni mərhələyə keçməsi
üçün praktik platforma rolunu oynayır. Qarşılıqlı sərmayələrin
təşviqi, birgə istehsal layihələri və ticarət dövriyyəsinin
artırılması hər iki ölkə üçün real iqtisadi dividendlər vəd
edir.

Birbaşa uçuşların nəzərdən keçirilməsi, nəqliyyat və logistika
imkanlarının genişləndirilməsi də əlaqələrin intensivləşməsinə
xidmət edəcək. Xüsusilə hazırkı qlobal çağırışlar fonunda
Azərbaycanın aviasiya və logistika imkanları əlavə üstünlük
yaradır.

Təhsil və humanitar sahədə əməkdaşlıq da xüsusi vurğulanmalıdır.
Latviyada 450-dən artıq azərbaycanlı tələbənin təhsil alması
xalqlarımız arasında uzunmüddətli əlaqələrin formalaşmasına mühüm
töhfə verir və gələcək əməkdaşlığın insan kapitalı bazasını
gücləndirir.

Səfər çərçivəsində Cənubi Qafqaz və Baltik regionlarında
təhlükəsizlik məsələlərinin müzakirəsi, xüsusilə Azərbaycan ilə
Ermənistan arasında davam edən sülh prosesi ilə bağlı məlumat
mübadiləsi beynəlxalq ictimaiyyət üçün də önəmli mesajdır.
Azərbaycanın nümayiş etdirdiyi siyasi iradə və sülh gündəliyinə
sadiqliyi regionda sabitliyin möhkəmlənməsinə xidmət edir.

Ümumilikdə, bu səfər Azərbaycan–Latviya münasibətlərinin
strateji xətt üzrə inkişaf etdiyini, siyasi dialoqun yüksək
səviyyədə olduğunu və iqtisadi, humanitar, təhlükəsizlik
sahələrində yeni imkanların formalaşdığını təsdiqlədi. Əminliklə
demək olar ki, qarşılıqlı etimad və dostluq prinsiplərinə əsaslanan
bu əməkdaşlıq yaxın illərdə daha da dərinləşəcək”.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir