Bakı. Trend:
Bəzi dairələr tərəfindən azad edilmiş ərazilərdə guya “erməni
irsinin dağıdılması” ilə bağlı səsləndirilən iddialar reallıqdan
uzaqdır və məqsədli şəkildə həqiqətlərin təhrifinə xidmət edir. Bu
cür yanaşmalar regionda baş vermiş faktiki vandalizm aktlarını
ört-basdır etmək cəhdindən başqa bir şey deyil.
Bunu Trend-ə
açıqlamasında Milli Məclisin İctimai birliklər və dini qurumlar
komitəsinin üzvü, deputat Günay Ağamalı deyib.
Millət vəıkili bildirib ki, Azərbaycanın işğal altında qalmış
ərazilərində otuz il ərzində həyata keçirilən dağıntılar danılmaz
faktlarla sübuta yetirilib:
“Söhbət bütöv bir mədəni irsin sistemli şəkildə məhv
edilməsindən gedir. Yüzlərlə tarixi və dini abidələr dağıdılıb,
talan olunub, mənimsənilərək saxtalaşdırılıb. Bütün bunlar
məqsədyönlü siyasətin açıq ifadəsidir.
İşğal dövründə Qarabağ və Şərqi Zəngəzurda Azərbaycan
məzarlıqları dağıdılıb, qəbirlər qazılıb, baş daşları sındırılıb və
oğurlanıb. Xalqımızın mənəvi yaddaşına qarşı yönəlmiş barbarlıq və
vandalizm tariximizi silməyə, izimizi yox etməyə və kimliyimizi
məhv etməyə yönələn cinayətdir.
Məscidlərimizdə heyvan saxlanılması dini dəyərlərə qarşı ən ağır
təhqir forması, beynəlxalq humanitar hüququn kobud şəkildə
pozulmasıdır. Bu faktlar illərdir foto və video materiallarla
təsdiqlənir”.
Deputatın sözlərinə görə, digər mühüm məqam indiki Ermənistan
ərazisində Azərbaycanın tarixi-dini irsinin, demək olar ki,
tamamilə silinməsi həmin torpaqların tarixən Azərbaycana məxsus
olmasının izlərini aradan qaldırmaq məqsədi daşıyır:
“Tarixi mənbələr, arxiv sənədləri və xəritələr göstərir ki,
İrəvan xanlığı başda olmaqla bu ərazilər Azərbaycana məxsus olub.
İrəvan şəhərində və ətraf bölgələrdə mövcud olmuş çoxsaylı
məscidlər, karvansaralar, qəbiristanlıqlar və digər memarlıq
abidələri yetərli sübutudur.
XIX əsrdə Azərbaycana qarşı baş verən proseslər və
Azərbaycanlıların köçürülmə siyasəti demoqrafik tərkibinin süni
şəkildə dəyişdirilməsi, sonrakı dövrlərdə isə Azərbaycan izlərinin
sistemli şəkildə silinməsi tarixin yaddaşına edilən qəsddir”.

Günay Ağamalı əlavə edib ki, Qafqaz Albaniyasına məxsus dini
abidələrin mənimsənilərək “erməniləşdirilib”. Orijinal izlərin
dəyişdirilməsi, yazıların silinməsi və saxtalaşdırılması
barbarlğın, vandalizmin, terrorun davamıdır.
“Bütün bu faktlar onu deməyə əsas verir ki, Ermənistan
tərəfindən həyata keçirilən siyasət fiziki dağıntılarla
məhdudlaşmayıb, eyni zamanda Azərbaycan xalqının tarixi izini
silməyə, mədəni kimliyini zəiflətməyə və gələcək nəsillərin
yaddaşını təhrif etməyə yönəlib.
Bu mövzuda materiallar beynəlxalq ictimaiyyətə konkret faktlarla
çatdırılır. Rəsmi hesabatlar, peyk görüntüləri, foto və video
sübutlar vasitəsilə həqiqətlərin göstərilməsi olduqca əhəmiyyətli
yanaşmadır. Faktlar yetəri qədərdir. Sözügedən faktları
görməməzlikdən gəlmək mümkünsüzdür”, – deyə o fikrinə yekun
vurub.

