Sahibə Qafarova çinli nazirlə görüşdü (FOTO)

Baş səhifə

Bakı. Trend:

Milli Məclisin sədri Sahibə Qafarova ölkəmizdə səfərdə olan Çin
Xalq Respublikası Dövlət İnternet-informasiya Ofisinin naziri Cuan
Junvenin rəhbərlik etdiyini nümayəndə heyəti ilə görüşüb.

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən
Trend-ə verilən
məlumata görə, görüşdə strateji tərəfdaşlıq mərhələsinə yüksəlmiş
Azərbaycan ilə Çin əlaqələrinin yüksək səviyyədə inkişafından
məmnunluq ifadə olunub.

Bildirilib ki, dostluq, qarşılıqlı hörmət və dəstək
prinsiplərinə söykənən dövlətlərarası əlaqələrin inkişafında ölkə
başçılarının xüsusi rolu vurğulanaraq, mövcud olan fəal siyasi
dialoqla yanaşı, iqtisadi, ticarət, yaşıl enerji, rəqəmsal
texnologiyalar, innovasiya və süni intellekt sahələrində
əməkdaşlığın genişləndirilməsi yüksək qiymətləndirilib.

Görüşdə Milli Məclisin sədri Sahibə Qafarova ötən ay Asiya üçün
Boao Forumunun illik konfransında iştirakını məmnunluqla
xatırladaraq, konfrans çərçivəsində Çin Xalq Nümayəndələri
Yığıncağı Daimi Komitəsinin sədri Cao Lici ilə keçirdiyi görüşü
parlamentlərarası əlaqələrin inkişafı baxımından yüksək
qiymətləndirib, aparılan danışıqlar zamanı əməkdaşlığın yeni
istiqamətlər üzrə genişləndirilməsi barədə fikir mübadiləsi
aparıldığını bildirib.

Söhbət zamanı Azərbaycanda həyata keçirilən rəqəmsal
transformasiya siyasəti barədə də məlumat verilib. Milli Məclisin
sədri bildirib ki, son illər Prezident İlham Əliyevin təşəbbüsü ilə
Azərbaycanda dövlətin yeni rəqəmsal arxitekturasının
formalaşdırılması istiqamətində ardıcıl siyasət həyata keçirilir.
Bu kontekstdə cari ilin fevral ayında “Azərbaycanın yeni rəqəmsal
arxitekturası” adlı vahid fəaliyyət planına həsr olunmuş
müşavirənin əhəmiyyəti qeyd olunub. Bildirilib ki, aparılan siyasət
kritik infrastrukturun inkişafını, rəqəmsal iqtisadiyyatın
genişlənməsini və dövlət idarəçiliyi sistemində innovativ həllərin
tətbiqini əhatə edir. Diqqətə çatdırılıb ki, Milli Məclis də öz
növbəsində bu sahədə müasir qanunvericilik bazasının
formalaşdırılmasına mühüm töhfə verməkdədir. Söhbətdə həmçinin
parlamentin fəaliyyətində informasiya texnologiyalarından çevik
istifadə, kibertəhlükəsizlik sahəsində əməkdaşlıq, habelə süni
intellekt həllərinin tətbiqinin sürətləndirilməsi məqsədilə görülən
işlər barədə məlumat verilib.

Görüşdə eyni zamanda vurğulanıb ki, müasir dövrdə
kibertəhlükəsizlik ölkələrin milli təhlükəsizliyinin mühüm tərkib
hissəsidir və bu sahə daim diqqət mərkəzində saxlanılmalıdır.

Çin Xalq Respublikası Dövlət İnternet-informasiya Ofisinin
naziri Cuan Junven ölkəsinin Azərbaycanla bərabərhüquqlu və
qarşılıqlı faydalı əməkdaşlığa böyük önəm verdiyini bildirib.

Son illər Çinin informasiya texnologiyaları sahəsində əldə
etdiyi nailiyyətlər barədə geniş məlumat verən qonaq deyib ki,
ölkəsi Azərbaycanla internet, kibertəhlükəsizlik, rəqəmsal
iqtisadiyyat, süni intellekt və digər mühüm istiqamətlər üzrə
əməkdaşlığı genişləndirməyə hazırdır. Azərbaycanda bu sahədə
görülən işləri, habelə ölkə əhalisinin 90 faizdən artığının
internetə əlçatanlığını yüksək qiymətləndirən qonaq bildirib ki, bu
istiqamətdə əldə olunan nəticələr məmnunluq doğurur.

Söhbət zamanı tərəflər Azərbaycan ilə Çin arasında həqiqi
dostluğa, qarşılıqlı hörmətə əsaslanan münasibətlərin bundan sonra
da xalqların rifahı naminə bütün istiqamətlərdə uğurla inkişaf
edəcəyinə əminlik ifadə ediblər.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir