Azərbaycan bank sektorunun hədəfləri açıqlanıb

Baş səhifə

Bakı. Trend:

Azərbaycan Banklar Assosiasiyasının (ABA) 2026–2030-cu illər
üzrə strateji hədəfləri təsdiqlənib: “Bu hədəflər çərçivəsində
xüsusilə post-neft dövründə kiçik və orta biznesin inkişafı, yeni
iqtisadi siyasətə uyğun olaraq iqtisadiyyatın maliyyələşdirilməsinə
dəstəyin gücləndirilməsi nəzərdə tutulur.

Bunu Trend
açıqlamasında Azərbaycan Banklar Assosiasiyasının (ABA) Prezidenti
Zakir Nuriyev bildirib.

O qeyd edib ki, bu proseslərə dəstək məqsədilə Azərbaycan Bank
Maliyyə Tədris Mərkəzinin (ABMTM) genişləndirilməsi planlaşdırılır: “Mərkəz maliyyə sektorunda fəaliyyət göstərən assosiasiyaların
təsisçiliyi ilə fəaliyyətini genişləndirəcək, kadr hazırlığına
diqqət daha da artırılacaq. Ümumilikdə maliyyə sektorunda 30 mindən
çox əməkdaş çalışır və onların sertifikatlaşdırılması üçün zəruri
dəstək tədbirləri həyata keçiriləcək”.




Z. Nuriyev bildirib ki, bununla yanaşı, Mərkəzi Bank tərəfindən
risklərin idarə edilməsi və Basel standartlarının yüksəldilməsi
istiqamətində görülən işlərə dəstək olaraq təlim və tədris
proqramları gücləndiriləcək: “Bankların qiymətli kağızlar bazarında
daha fəal iştirakı təmin ediləcək, maliyyə sektorunun müxtəlif
seqmentləri arasında əməkdaşlıq və sinerji artırılacaq.

Həmçinin sığorta, qiymətli kağızlar və fintex bazarlarının
inkişafı, açıq bankçılığın tətbiqi, ödəniş sistemlərinin
təkmilləşdirilməsi prioritet istiqamətlər kimi müəyyən edilib. Eyni
zamanda kibertəhlükəsizlik tədbirlərinin genişləndirilməsi və bu
sahədə beynəlxalq əməkdaşlığın gücləndirilməsi də
planlaşdırılır”.

Assosiasiyası rəhbəri, həmçinin “yaşıl iqtisadiyyat”a bankların
töhfəsindən də bəhs edib: “COP29 çərçivəsində bank sektoru
qarşıdakı beş il ərzində 2 milyard manat həcmində yaşıl kredit
öhdəliyi götürüb və bu istiqamətdə artıq müvafiq tədbirlər həyata
keçirilir. Yaşıl maliyyələşdirmə həm ekoloji tarazlığın
qorunmasına, həm də iqtisadiyyatın yeni dövrün tələblərinə uyğun
transformasiyasına xidmət edəcək.
Sistem əhəmiyyətli banklar tərəfindən bir sıra iri pilot layihələr
icra olunur və bu layihələr yaşıl, dayanıqlı iqtisadiyyata keçidin
təmin edilməsində mühüm rol oynayır. Bununla yanaşı, bir müddət
əvvəl Enerji Effektivliyi Fondu yaradılıb. Banklar fondun
vəsaitlərindən aktiv istifadə etməklə enerji səmərəliliyini artıran
və “yaşıl iqtisadiyyat”a keçidi dəstəkləyən layihələrin ayrıca
maliyyələşdirilməsini planlaşdırırlar”.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir