
Bakı. Trend:
Süni intellektin sürətlə yayılması əqli mülkiyyət sahəsində yeni
və mürəkkəb suallar formalaşdırır.
Trend xəbər
verir ki, bunu deputat Hicran Hüseynova bu gün Bakıda “Beynəlxalq
Əqli Mülkiyyət Günü” münasibətilə “İnnovativ Potensial: Əqli
Mülkiyyət + Süni İntellekt” mövzusunda keçirilən dəyirmi masada
çıxışı zamanı bildirib.
Onun sözlərinə görə, süni intellekt müxtəlif istiqamətlərdə əqli
mülkiyyətlə kəsişir:
“Bu texnologiyalar vasitəsilə yaradılan məhsulların real
sahibinin kim olduğu məsələsi artıq aktual müzakirə mövzusuna
çevrilib. Ənənəvi hüquqi yanaşmalar insan yaradıcılığına
əsaslandığı halda, süni intellektin iştirakı bu sərhədləri
qeyri-müəyyən edir. Süni intellekt müxtəlif istiqamətlərdə əqli
mülkiyyətlə kəsişir. Dünyanın bir çox ölkəsində bu sahədə
strategiyalar qəbul olunaraq icraya yönəldilib.
Azərbaycanda da Süni İntellekt Strategiyası 2025–2028-ci illər
çərçivəsində bu istiqamətdə hüquqi və institusional baza
formalaşdırılır, yeni çağırışlara uyğun normativ mexanizmlər
hazırlanır.
Mühüm müzakirə mövzularından biri süni intellekt sistemlərinin
hüquqi statusudur. Bəzi mütəxəssislər hesab edir ki, süni intellekt
ayrıca hüquqi subyekt kimi qəbul edilməməli, yalnız bir alət və ya
əmtəə kimi qiymətləndirilməlidir. Digər yanaşmaya görə isə süni
intellektin müstəqil qərarvermə qabiliyyəti onun hüquqi statusunun
daha dərindən araşdırılmasını tələb edir.
Bununla yanaşı, süni intellektin patent hüququna malik obyektlər
yaradıb-yarada bilməsi də ciddi mübahisə doğurur”.

